Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin İncəsənət fakültəsində və NDU-nun nəzdində fəaliyyət göstərən Musiqi Kollecində tədris olunan “Vokal sənəti” ixtisası üzrə xanəndəlik və milli vokal sahəsində təhsil alan tələbələrlə görüş keçirib.
Səmimi şəraitdə baş tutan görüşdə rektor tələbələrin təhsil prosesi, ifaçılıq bacarıqları, yaradıcılıq imkanları və gələcək planları ilə maraqlanıb. Elbrus İsayev vurğulayıb ki, milli musiqi irsimizin qorunması və təbliği baxımından bu sahədə təhsil alan gənclərə böyük ehtiyac var. Eyni zamanda, tələbələr sənətlərinə məsuliyyətlə yanaşmalı və daim öz üzərində çalışmalıdırlar.
Ali təhsil ocağının rektoru həmçinin mübadilə proqramlarının əhəmiyyətindən bəhs edərək bildirib ki, bu cür imkanlar tələbələrin dünyagörüşünün genişlənməsi, müxtəlif təhsil mühitləri ilə tanış olması və yaradıcılıq potensialının inkişafı baxımından mühüm rol oynayır. Elbrus İsayev gəncləri bu cür layihələrdə fəal iştirak etməyə təşviq edib.
Görüş zamanı tələbələr tədris şəraiti, praktik məşğələlər və öz gələcək planları ilə bağlı fikirlərini bölüşüblər. Rektor onların müraciət və təkliflərini dinləyərək müvafiq tapşırıqlar verib. Yaradıcı və qarşılıqlı dialoq şəraitində keçən görüş həm tələbələr, həm də pedaqoji heyət üçün motivasiyaedici və faydalı olub.
Badəm Əliyeva
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı


