Tədbirdə universitetin rektoru Elbrus İsayev, fakültə dekanları, kafedra müdirləri və Elmi Kitabxananın əməkdaşları iştirak ediblər.
Universitetin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova çıxışında NDU-nun abunə olduğu beynəlxalq elmi resurslar barədə ətraflı məlumat verib. Bildirib ki, universitet hazırda Taylor & Francis, Clarivate ProQuest və EBSCO Information Services kimi nüfuzlu platformalara qoşulub. Taylor & Francis bazasında 5 milyon 450 mindən artıq tam mətnli məqalə, 2 min 600-dən çox elmi jurnal və digər interaktiv resurslar mövcuddur. Universitet istifadəçiləri bu materialların mühim bir qisminin tam mətninə çıxış əldə edə bilirlər. Clarivate ProQuest bazasında 700 mindən çox akademik e-kitab, həmçinin 6 milyondan artıq dissertasiya və tezis yer alır. EBSCO Information Services sistemi üzrə isə 8 sahədə verilənlər bazası üzrə 600 mindən çox tam mətn e-kitabı əldə etmək mümkündür. Ümumilikdə, Naxçıvan Dövlət Universitetinin multidisiplinar elm sahələri üzrə 20 milyona yaxın müxtəlif kateqoriyada resursa çıxış imkanı var.
Xumar Məmmədova qeyd edib ki, bu abunəliklər universitetdə elmi-tədqiqat fəaliyyətinin rəqəmsal əsasda inkişafına şərait yaradır, tələbə və müəllimlərin beynəlxalq elmi məqalələrlə tanış olmasına geniş imkanlar açır.
Elbrus İsayev qeyd edib ki, universitetdə bu istiqamətdə müasir texniki baza formalaşdırılıb, elektron resursların idarə olunması üçün xüsusi işçi qrupu fəaliyyət göstərir. Həmçinin müəllim və tələbələrin beynəlxalq bazalardan istifadəsini artırmaq məqsədilə mütəmadi təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli beynəlxalq elektron bazalara daxilolmalarla bağlı statistik məlumatları təqdim edib və universitetdə bu istiqamətdə görülən texniki işlərdən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, beynəlxalq elmi resurslardan istifadənin daha da genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib.
Fəxriyyə Səyyadova
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı