Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vüqar Salmanovun müəllifi olduğu “Python proqramlaşdırma dili” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov ali təhsil müəssisələrində yeni dərslik və dərs vəsaitlərinin hazırlanmasının universitetlər qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, belə nəşrlər tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, elmi mühitin zənginləşməsinə və gənc tədqiqatçılar üçün yeni imkanların yaranmasına xidmət edir. Prorektor müəllifi təbrik edərək ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayıb.
Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, Fizika-riyaziyyat fakültəsinin dekan müavini Ruhiyyə Cəfərova, Ümumi riyaziyyat kafedrasının müdiri Abdulla Həsənov və İnformatika kafedrasının baş müəllimi Sevinc Paşayeva çıxışlarında dərs vəsaitinin informatika elminin aktual problemlərinə, müasir texnoloji trendlərə və tədris metodikasının təkmilləşdirilməsinə verdiyi töhfələri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan dilində bu sahədə dərs vəsaitlərinin az olduğu dövrdə nəşr olunan kitab tələbələr, tədqiqatçılar və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün etibarlı vəsait olacaq.
Vurğulanıb ki, 12 fəsildən ibarət dərs vəsaitində Python proqramlaşdırma dilinin əsas xüsusiyyətləri, operatorlar, şərt və dövr konstruksiyaları, kortejlər, modullar və fayllar, obyektlər, səhvlər və istisnalar kimi mövzular aydın və sistemli şəkildə izah olunub. Kitab həmçinin, Python dilinin sintaksisini, əsas konstruksiyalarını, metodlarını və tətbiqi məsələlərin həlli üçün alqoritmlərin həyata keçirilmə üsullarını əhatə edir. Bu, tələbələrə və tədqiqatçılara müxtəlif informasiya məsələlərinin həllində praktik bacarıqlar qazanmağa, eləcə də əldə etdikləri bilik və texnikaları tətbiqi hesablama problemlərinin kompleks həllində istifadə etməyə imkan yaradır.
Təqdimatda iştirak edən tələbələr bu nəşrin onların praktiki və nəzəri biliklərinin inkişafında əhəmiyyətli rol oynayacağını bildiriblər.
Sonda müəllif Vüqar Salmanov göstərilən diqqətə görə təşəkkürün bildirib.
Qeyd edək ki, dosent Vüqar Salmanov 60 elmi məqalənin, 2 dərs vəsaiti, 1 metodik vəsaitin və 7 fənn proqramının müəllifidir.
Fəxriyyə Səyyadova
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı