Naxçıvan Dövlət Universiteti və Bakı Ali Neft Məktəbi Kitabxanaları arasında onlayn əməkdaşlıq görüşü keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası ilə Bakı Ali Neft Məktəbinin Kitabxanası arasında “Zoom” platforması üzərindən onlayn əməkdaşlıq görüşü təşkil olunub. Görüşün məqsədi hər iki ali təhsil müəssisəsi arasında təcrübə mübadiləsinin aparılması, elektron resursların mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.

NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova universitet kitabxanasının fəaliyyəti, EBSCO, Clarivate, Taylor& Francis elmi bazalarına çıxış imkanları və istifadəçilərə göstərilən digər xidmətlər barədə məlumat verib.

Bakı Ali Neft Məktəbi Kitabxanasının şöbə rəhbəri əvəzi Əzizə Cəfərova və digər əməkdaşları isə çıxışlarında kitabxananın mühəndislik istiqamətlərinə uyğun formalaşmış zəngin fondu, mövcud elektron resursları haqqında çıxış ediblər.

Daha sonra NDU Elmi Kitabxanasının elektronlaşdırma üzrə mütəxəssisi Şəhriyar Quliyev universitet kitabxanasının beynəlxalq bazalarda fəaliyyət istiqamətlərindən və bu imkanların tələbələr tərəfindən səmərəli istifadə olunmasından bəhs edib.

Görüşdə ali məktəb kitabxanalarının rəqəmsal dövrdə yeni funksiyaları, qarşılıqlı layihə imkanları və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə olunub.

 

 Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı