NDU-da “Code for Future” layihəsinin final tədbiri keçirilib

12.06.2026

NDU-da “Code for Future” layihəsinin final tədbiri keçirilib

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin birgə həyata keçirdiyi “Code for Future” layihəsinin final tədbiri keçirilib.

Tədbirdə universitet rəhbərliyi, layihə müəllimləri, “Alqoritmika” şirkətinin nümayəndələri və layihəni uğurla başa vuran tələbələr iştirak ediblər.

NDU-nun Fizika-riyaziyyat fakültəsinin dekanı Vüqar Salmanov çıxış edərək layihənin tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, “Code for Future” layihəsi gənclərin müasir əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlar əldə etməsinə, proqramlaşdırma və rəqəmsal texnologiyalar sahəsində ilkin peşəkar addımlar atmasına dəstək verir.

 “Alqoritmika” şirkətinin nümayəndəsi Mahirə Məmmədova isə layihə çərçivəsində 50 tələbənin proqramlaşdırma sahəsində nəzəri və praktiki biliklər əldə etdiyini qeyd edib. Nəzərə çatdırılıb ki, tədris müddətində tələbələrin davamiyyəti və nəticələrində müsbət dinamika müşahidə olunub, onların inkişafına və fəallığının artırılmasına yönəlmiş müxtəlif dərsdənkənar tədbirlər təşkil edilib.

Daha sonra çıxış edənlər layihənin gənclərin rəqəmsal bacarıqlarının artırılması və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Tədbirin davamında layihəni uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.

Sonda “Code for Future” layihəsinin həyata keçirilməsində əməyi olan universitet rəhbərliyinə, müəllimlərə, “Alqoritmika” komandasına və layihə iştirakçılarına təşəkkür edilib. Qeyd olunub ki, layihə gənclərin rəqəmsal gələcəyə hazırlanması və ölkənin insan kapitalının inkişafı istiqamətində mühüm təşəbbüslərdən biridir.