NDU-da DIRNA layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib

10.06.2026

NDU-da DIRNA layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib

        Naxçıvan Dövlət Universitetində Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində beynəlxalq seminar və təlim proqramı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev DIRNA layihəsinin Azərbaycanda açıq elm prinsiplərinin təşviqi və tədqiqat potensialının inkişafı baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Rektor qeyd edib ki, layihə universitetlər arasında elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Daha sonra layihənin koordinatoru olan Xəzər Universitetinin rektoru Raziyə İsayeva çıxışında DIRNA layihəsinin Azərbaycanda açıq elm mühitinin formalaşması və universitetlərin tədqiqat potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, layihədə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsinin bir araya gəlməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə və qabaqcıl təcrübələrin paylaşılmasına əlverişli şərait yaradır. Bu gün layihənin sonuncu seminarı olduğunu vurğulayan rektor həmçinin layihə çərçivəsində görülən işlərdən, əldə olunan nəticələrdən danışıb.

Hibrid formada təşkil olunan seminarda İtaliyalı ekspertlərdən Francesco Tarquni “Açıq elm alətləri”, Graza Di Bartolomeo isə “Rəqəmsal kitabxanalarda elektron kolleksiyaların formalaşdırılması və idarə olunması” mövzularında məruzələrlə çıxış ediblər.

Növbəti sessiyada Finlandiyadan olan tərəfdaşların təcrübəsi əsasında açıq giriş və institusional repozitoriyalar mövzusu müzakirə olunub. Sessiyada açıq giriş siyasətinin gündəlik repozitoriya idarəçiliyində rolu, açıq elmin tətbiqi, metadata idarəçiliyinin əhəmiyyəti, eləcə də süni intellekt və yeni texnologiyaların bu sahədə yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində musiqili proqram təqdim olunub. Tədbir Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş xüsusi sessiya ilə davam edib. Universitet rektorlarının iştirakı ilə panel müzakirəsi keçirilib, ali təhsildə beynəlxalq əməkdaşlıq, açıq elm siyasəti və elmi fəaliyyətin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Lahiyənin ikinci günündə Türkiyədən olan mütəxəssis Gültekin Gürdal “Akademik nəşriyyatda inqilab: Açıq giriş və süni intellekt” mövzusunda təqdimatla çıxış edib. Daha sonra o, “Metadata keyfiyyəti və beynəlxalq standartlar” mövzusunda məruzə ilə iştirakçıları beynəlxalq təcrübə və müasir yanaşmalar barədə məlumatlandırıb.

Ardınca Gültekin Gürdal, Begüm Yavuz və Gönül Kafalı Canın iştirakı ilə “Tədqiqatların gücləndirilməsi: Açıq girişdən məlumatların idarə olunmasına qədər” mövzusunda təlim sessiyası keçirilib. Sessiyada açıq giriş siyasəti, elmi məlumatların idarə olunması, metadata standartlarının tətbiqi və tədqiqat fəaliyyətində rəqəmsal həllərin rolu geniş şəkildə müzakirə olunub.

 

 

Qeyd edək ki, DIRNA layihəsi Azərbaycan universitetlərində açıq giriş institusional repozitoriyalar şəbəkəsinin yaradılması, elmi nəticələrin səmərəli idarə olunması və tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi daşıyır.