Naxçıvan Dövlət Universiteti İnnovasiya Mərkəzində “EcoFarm Innovation Hackathon” keçirilib. Tədbirdə tələbə komandaları kənd təsərrüfatı, su ehtiyatları, torpaq və ekologiya sahələrində mövcud problemlərin innovativ həlli istiqamətində hazırladıqları layihələri təqdim ediblər.
Hakatonda iştirak edən komandalar problemlərin dərk edilməsi və ekoloji təsir, innovativlik və yaradıcılıq, texniki yanaşma və funksionallıq, praktik tətbiq və iqtisadi dəyər, eləcə də təqdimat bacarığı istiqamətləri üzrə qiymətləndiriliblər.
Münsiflər heyəti layihələrin kənd təsərrüfatı, su, torpaq və ekologiya ilə bağlı real və vacib problemləri nə dərəcədə düzgün müəyyən etdiyini və həmin problemlərə təqdim olunan həllərin effektivliyini qiymətləndirib. Eyni zamanda, təklif olunan həllərin yenilikçi yanaşmaya əsaslanması, texnologiya və konsepsiyaların tətbiq imkanları, real istifadəyə yararlılığı və funksionallığı əsas meyarlardan olub.
Qiymətləndirmə zamanı komanda daxili əmək bölgüsü, texniki əməkdaşlıq, iştirakçıların inteqrasiyası və layihələrin təqdimat səviyyəsi də nəzərə alınıb. Layihələrin aydın, real və strukturlaşdırılmış şəkildə təqdim olunması xüsusi vurğulanıb.
Müsabiqədə “Stevee”, “WonderWoman”, “Engineering Lady”, “Grenova”, “Piramid”, “SheTech” və “Technova AI” komandaları iştirak ediblər. NDU Biologiya kafedrasının müdiri Bayramov Bəhruz, Sirab şirkətinin maliyyə direktoru Mirzaur Seyidzadə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət və təşkilati protokol şöbəsinin müdiri Əsgərov Tural, İnnobyte Academy-də Direktor və Data Analitika təlimçisi, Naxçıvan poçt və Telekommunikasiya MMC-nin əməkdaşı Mehdiyev Seyfulla, İT mütəxəssisi Babayev Rövşən, Kənd Təsərrüfatı Nazirliyinin Toxumların dövriyyəsinə nəzarət, texniki təchizat və aqrokimya xidmətlərin təşkili sektorunun müdiri Səbuhi Həsənov münsiflər heyətinin üzvü olaraq tələbələrin layihələrini qiymətləndiriblər. Nəticələrə əsasən “Grenova” komandası I yerə, “Piramid” komandası II yerə, “Stevee” komandası isə III yerə layiq görülüb. Qalib tələbələr müxtəlif hədiyyələr və diplomla təltif olunub.
Badəm Əliyeva
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsi




