Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə "Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!!!” mövzusunda Naxçıvan Dövlət Univeristetinin tələbələri üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə metodoloji təminat şöbəsinin rəisi İsa Əliyev “Sağlam həyat naminə narkotikə yox deyək” mövzusunda çıxış edərək narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu vurğulayıb.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirib.
Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin rəisi Heydər Səmədli "Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!!!” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, müasir dünyada narkomaniya bəşəriyyəti ciddi düşündürən qlobal problemlərdəndir. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin hüquq-mühafizə orqanlarının daima diqqət mərkəzində olduğunu qeyd edib.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.




