NDU-da İbrahim Kazımbəylinin “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX əsr – XX əsrin əvvəlləri)” adlı kitabının təqdimatı baş tutub

23.06.2026

NDU-da İbrahim Kazımbəylinin “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX əsr – XX əsrin əvvəlləri)” adlı kitabının təqdimatı baş tutub

Naxçıvan Dövlət Universitetində Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, tarix elmləri doktoru İbrahim Kazımbəylinin ispan dilində nəşr olunmuş “La región de Ireván de Azerbaiyán: historia socioeconómica y política (siglo XIX – principios del siglo XX)” (“Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX əsr – XX əsrin əvvəlləri)”) adlı fundamental əsərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə universitetin Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri Ənvər İbrahimov Azərbaycan tarixinin araşdırılması, elmi irsin öyrənilməsi və əldə olunan nəticələrin gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu istiqamətdə aparılan tədqiqatlar milli-mənəvi dəyərlərin qorunmasına, tarixi həqiqətlərin təbliğinə və tarix elminin inkişafına mühüm töhfə verir.

Kitabın elmi məziyyətləri barədə geniş məruzə ilə Azərbaycan Dillər Universitetinin “Qafqazşünaslıq və Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov çıxış edərək əsərin strukturunu, elmi yeniliklərini və gələcək tədqiqatlar üçün açdığı perspektivləri təhlil edib. Qeyd edib ki, kitabda XIX əsr və XX əsrin əvvəllərində İrəvan bölgəsinin sosial-iqtisadi vəziyyəti və siyasi tarixi arxiv sənədləri, eləcə də təkzibolunmaz tarixi faktlar əsasında araşdırılıb.

Təqdimatda Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının dosentləri, tarix üzrə fəlsəfə doktorları Elçin Zamanov və Zamin Əliyev, həmçinin Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Əsədov çıxış edərək kitabın elmi, tarixi və siyasi-diplomatik əhəmiyyətindən bəhs ediblər.

Daha sonra müəllif İbrahim Kazımbəyli əsərin ərsəyə gəlməsi prosesindən, xarici dilli mənbələrin araşdırılmasından danışıb. Vurğulayıb ki, əsərin ispan dilində nəşr olunması Azərbaycanın ayrılmaz tarixi torpaqlarından olan İrəvanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda müəllif tədbirin təşkilinə görə Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və iştirakçılara minnətdarlığını ifadə edib.