NDU Elmi Kitabxanasında “Elektronika və informasiya texnologiyaları” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Hüseyn Qasımovun müəllifi olduğu “Kompüter xidmət proqramları” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova son dövrlər tələbələrin peşə hazırlığının artırılmasına və kompüter sistemləri ilə effektiv işləmə bacarıqlarının formalaşdırılmasına xidmət edən tədris vəsaitlərinin yazılmasının ənənə halını aldığını qeyd edib.
Daha sonra Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov, “Elektroenergetika mühəndisliyi” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev, “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Cabbar Nəcəfov və digər çıxışçılar vəsaiti tədris edilən mövzunun müasir elmi nailiyyətlərə, dəqiq faktlara və pedaqoji tələblərə əsaslanması baxımından yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, 6 fəsildən ibarət olan dərs vəsaitində kompüterin istismarını, texniki xidmətini və proqram səviyyəsində idarə olunmasını təmin edən əsas xidmət proqramlarının funksional imkanları və tətbiq sahələri sistemli şəkildə izah olunub.
Sonda çıxış edən müəllif göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.


