Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Nəqliyyat mühəndisliyi və texniki fənlər” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Asəf Əliyev, həmin kafedranın baş müəllimləri Yadulla Həziyev və Səyyad Vəliyevin həmmüəllifi olduqları “Maşınşünaslığın əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Ənvər İbrahimov, Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov kitab haqqında fikirlərini bölüşərək bildiriblər ki, “Maşınşünaslığın əsasları” dərs vəsaiti ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar və mühəndis-texniki sahədə çalışan mütəxəssislər üçün dəyərli vəsait olacaq.
“Nəqliyyat mühəndisliyi və texniki fənlər” kafedrasının müdir əvəzi Gülşən Məmmədova, həmin kafedranın müəllimləri Elşən Nəcəfov, Turxan Orucov, Fərahim Məmmədov və digər çıxışçılar yeni nəşrin elmi və tədris əhəmiyyətindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, 8 fəsildən ibarət olan dərs vəsaitində maşınşünaslığın əsasları fənninin məzmunu, məqsəd və vəzifələri, inkişaf tarixi, maşınqayırmada istifadə olunan materiallar və onların emalı üsulları, maşın hissələrinin iş qabiliyyəti meyarları, reduktorlar və digər mühüm mövzular əhatə olunub.
Eyni zamanda vurğulanıb ki, vəsaitdə maşın hissələrinə verilən texnoloji tələblər, maşın detallarının hazırlanması, mexanizmlərin və maşınların quraşdırılması, müxtəlif növ birləşmələr – pərçim, qaynaq, yiv, paz, şlis, çivi və profilli birləşmələr, eləcə də ötürmələr – sürtünmə, qayış, pazvarı qayış, dişli çarx, sonsuz vint və zəncir ötürmələri geniş şəkildə izah edilib. Bununla yanaşı, oxlar, vallar, yaylar, sürüşmə və diyirlənmə yastıqları, muftalar, reduktorlar və onların iş xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Sonda kitabın müəllifləri Asəf Əliyev, Yadulla Həziyev və Səyyad Vəliyev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Badəm Əliyeva
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi


