NDU-da Milli Qurtuluş Gününə həsr olunmuş respublika konfransı keçirilib

16.06.2026

NDU-da Milli Qurtuluş Gününə həsr olunmuş respublika konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Naxçıvandan başlayan qurtuluş məfkurəsi: Heydər Əliyev yolu və müasir Azərbaycan” mövzusunda respublika konfransı təşkil olunub. Konfrans Naxçıvan Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub. Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti və dövlətçilik xidmətlərini əks etdirən eksponatlarla tanışlıq olub.

Ardınca NDU-nun İncəsənət fakültəsində Milli Qurtuluş Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

Konfransa başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx izlənilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, müasir Azərbaycanın inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır və bu strateji xətt bu gün uğurla davam etdirilir. Rektor qeyd edib ki, 1993-cü ilə qədər ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda Heydər Əliyevin Naxçıvan dövründə həyata keçirdiyi uzaqgörən siyasət bölgənin Azərbaycanın tərkibindən ayrılması təhlükəsinin qarşısını alıb, mühüm siyasi və iqtisadi qərarların qəbuluna zəmin yaradıb. Elbrus İsayev Ulu Öndərin Naxçıvan Dövlət Universitetinə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını, universitetdə iki dəfə olduğunu və ali təhsil ocağının gələcək inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini diqqətə çatdırıb.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxışlarında bildiriblər ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olmaqla ölkədə sabitlik və inkişafın əsasını qoyub. Qeyd olunub ki, Naxçıvan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində və Yeni Azərbaycan Partiyasının yaranması prosesində xüsusi yer tutur. Çıxışçılar milli qurtuluş ideyalarının, milli dövlətçilik dəyərlərinin və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib və YAP-ın himni səsləndirilib.

Konfrans Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərovun bədii rəhbəri olduğu konsert proqramı ilə davam edib. Konsert proqramında "Şan yerimiz", "Alagöz", "Məşəl kimi yanan ürək" və "Sən elə bir zirvəsən" kimi musiqi nömrələri səsləndirilib.

Əsərlər Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin müşayiəti ilə Prezident mükafatçıları İlkin Abdullayev və İsrafil Qibləliyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov və Gülyanaq Fərzəliyevanın ifasında təqdim olunub.

Tədbir iştirakçılarda xoş təəssürat oyadıb, maraqlı anlarla yadda qalıb.