NDU-da Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı xanım Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Noyabrın 15-i Naxçıvan Dövlət Universitetində Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin deputatı, Naxçıvan MSSR-in Əməkdar müəllimi, tanınmış maarifçi Nazlı xanım Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Yubiley tədbirindən əvvəl görkəmli pedaqoq Nazlı Nəcəfovanın Naxçıvan şəhərində yerləşən məzarı ziyarət olunub.

Tədbirdə Nazlı Nəcəfovanın həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev keçirilən yubiley konfransının böyük əhəmiyyətə malik olduğunu bildirib. Rektor tanınmış maarifçi Nazlı Nəcəfovanın fəaliyyəti qadınların təhsil imkanlarının genişlənməsi, maarifçilik ideyasının yayılması və cəmiyyətin tərəqqisi naminə həsr etdiyi mənalı ömür sürdüyünü qeyd edib.  Digər repressiya qurbanları kimi, xalqının aydınlanması, cəhalətlə savaşı üçün göstərdiyi şücaətdən bəhs edən  Elbrus İsayev Nazlı Nəcəfova kimi ziyalılarımızı bu gün nümunə olaraq tələbələrə tanıtmağın vacibliyini vurğulayıb.Rektor qeyd edib ki, qadın azadlığının məhdud olduğu dövrdə Nazlı  Nəcəfovanın keçdiyi çətin sınaqlı yolların arxasında xalqa, millətə sevgi və əsl vətənpərvərlik hissləri dayanırdı. O Azərbaycan maarifçilik mühitinin inkişafında böyük töhfə sahibidir.  İrəvan və Naxçıvanda qızlar üçün məktəblərin açılmasında əməyini əsirgəməyən Nazlı Nəcəfovanın həyat və yaradıcılığı universitetdə təhsil alan tələbələr üçün  geniş bir araşdırma mövzusudur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qadınların təhsilli cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadınların rolu və inkişafı ilə təhsilin inkişafı arasında birbaşa əlaqə mövcuddur. Elxan Nəcəfovun sözlərinə görə, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə, cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Nazlı Nəcəfovanın muxtar respublikada qadınların təhsili və inkişafı istiqamətində ozamankı çətin dövrlərdə atdığı addımların çox mühüm işlər olduğunu vurğulayıb. Komitə sədri qeyd edib ki, gənc qızların təhsilinə istər o zaman, istərsə də hazırda qoyulan sərmayə onların cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. Ramilə Seyidova bildirib ki, təhsil imkanlarının genişləndirilməsi ölkənin gələcək rifahı və dayanıqlı inkişafı baxımından prioritet məsələdir.

Naxçıvan Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sevinc Abbasova görkəmli pedaqoq Nazlı Nəcəfovanın yaradıcılığının bugünkü qadınların ictimai fəaliyyətinə işıq saçdığını söyləyib. Onun fədakar fəaliyyəti bu gün bir dərslik rolunu oynayır. Öz elmi araşdırmalarına toxunan Sevinc Abbasova Nazlı xanım Nəcəfovanın həyat və yaradıcılığından da ilhamlandığını diqqətə çatdırıb. Müəllifi olduğu “Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi” adlı kitabını maarifpərvər ziyalının nəticəsi Cabbar Hüseynliyə hədiyyə olaraq təqdim edib.

Nazlı Nəcəfovanın nəticəsi, elm və təhsil sahəsi üzrə Prezident mükafatçısı Cabbar Hüseynli görkəmli elm fədaisi  Nazlı Nəcəfova haqqında səsləndirilən dəyərli fikirlərə və konfransın yüksək səviyyədə təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib.

          Yekunda NDU-nun Fizika-riyaziyyat fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Əsmər Mikayılovaya ilk dəfə təsis olunan “Nazlı xanım Nəcəfova adına tələbə təqaüdü” təqdim edilib.

Tədbirdən sonra Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Nazlı Nəcəfovanın adını daşıyan auditoriyanın açılışı olub.

                                Aidə İbrahimova

NDU-nun Media və ictimaiyyətlə

əlaqələr şöbəsinin əməkdaşı