Naxçıvan Dövlət Universitetində NDU nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin “Fortepiano” ixtisası üzrə I kurs tələbəsi Gülsüm Bağırovanın “Notların sədası” adlı solo konsert keçirilib.
Konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının müxtəlif janrlı əsərləri ifa edilib. Tədbirdə Friderik Şopenin “Noktürn No.20 Do diyez minor” və “Etüd” No.9, Endryu Lloyd Vebberin “Phantom of the Opera”, İohan Sebastian Baxın “Prelüd və fuqa” C dur, Edvard Qriqin“Dağ kralının sarayında”, Lüdviq Van Bethovenin “Sonata” No.10 əsərləri təqdim olunub.
Eyni zamanda Vasif Adıgözəlovun “Xoşum gəlir”, İqor Krutoyun “Kədərli mələk”, Consuelo Valezquezin “Besame Mucho”, Ramiz Mirişlinin “İnandım” və Əzizə Mustafazadənin “Always” əsərləri musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Konsert zamanı tələbənin musiqi bacarığı, səhnə mədəniyyəti və ifa ustalığı xüsusi diqqət çəkib. Bildirilib ki, Gülsüm Bağırova musiqi sahəsində müxtəlif uğurlara imza atıb. O, 2021-ci ildə uşaq və gənclər arasında keçirilən Muxtar Respublika İfaçılıq Müsabiqəsində II yerə layiq görülüb. 2024-cü ildə “Naxçıvan İstedadları” incəsənət festivalında uğurlu çıxışına görə diplomla təltif edilib. 2025-ci ildə isə Bakı şəhərində keçirilən Uşaq İncəsənət Festivalının hər üç mərhələsinə vəsiqə qazanaraq festivalda uğurla iştirak edib.
Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tələbənin əldə etdiyi uğurları yüksək qiymətləndirərək onu təbrik edib, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb. Daha sonra tələbə Gülsüm Bağırova universitet rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Badəm Əliyeva
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi




