Naxçıvan Dövlət Universitetində Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin baş mütəxəssisi Zamin Babazadə və Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Murad Qənbərovun həmmüəllifi olduqları “Sosial media platformalarında Azərbaycan ədəbiyyatının təbliği” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri Ənvər İbrahimov hər iki müəllifi təbrik edib, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Ənvər İbrahimov qeyd edib ki, sosial media elmi araşdırmaların və milli-mədəni dəyərlərin geniş auditoriyaya çatdırılmasında mühüm vasitələrdən biridir. Bildirib ki, kitabın strukturunun sistemli şəkildə qurulması və mövzunun elmi əsaslarla təqdim olunması bu nəşrin gələcək tədqiqatçılar üçün dəyərli arxiv və istinad mənbəyi kimi istifadə olunmasına imkan yaradır.
Zamin Babazadə kitab haqqında məlumat verərək nəşrdə sosial media platformalarının milli-mədəni irsin təbliğində rolu, mövcud problemlər, aparılan araşdırmalar və əldə olunan nəticələrin əks olunduğunu bildirib. Vurğulayıb ki, tədqiqat çərçivəsində müxtəlif sorğular keçirilib və onların nəticələri də kitabda öz əksini tapıb.
Tədbirdə Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov, “Ədəbiyyat və kitabxanaçılıq” kafedrasının müdiri Nurlana Əliyeva və “Jurnalistika və rəqəmsal media” kafedrasının müdiri Şəhla Şirəliyeva çıxış edərək kitabın aktuallığını və elmi əhəmiyyətini qeyd ediblər.
“Azərbaycan dilçiliyi” kafedrasının dosenti Arifə Zeynalova və Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin aparıcı mütəxəssisi Gülsüm Kərimova da müəllifləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Həmmüəllif Murad Qənbərov çıxışında universitet rəhbərliyinə, müəllimlərinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonda xatirə fotosu çəkdirilib.




