Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində “Beynəlxalq təlim aylığı” çərçivəsində növbəti təlim keçirilib. İstanbul Teknik Universitetinin professoru Derya Güleç Özer tərəfindən keçirilən təlim universitetin akademik və inzibati heyəti üçün nəzərdə tutulub. “Effektiv akademik təqdimat və kommunikasıya” mövzusunda keçirilən tədbir interaktiv şəkildə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Təlim çərçivəsində təqdimat hazırlanarkən yol verilən əsas səhvlər və onların aradan qaldırılması istiqamətində vacib məqamlar diqqətə çatdırılıb. Eyni zamanda, App.gptzero.me, sci.space, notebookLM, gimp.org və kahoot.it kimi süni zəka və rəqəmsal platformaların mahiyyəti izah olunub, bu alətlərdən səmərəli istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə təlimçi tərəfindən mini kuiz də təşkil olunub. QR kod vasitəsilə yarışmaya qoşulan iştirakçılar sualları cavablandıraraq həm biliklərini sınayıb, həm də təqdim olunan məlumatları daha dərindən mənimsəmək imkanı əldə ediblər.
Qeyd edək ki, keçirilən təlim iştirakçılarda effektiv təqdimat bacarıqlarının formalaşdırılması, akademik kommunikasiya sahəsində bilik və təcrübənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edib.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi



