III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Naxçıvan Dövlət Universitetində Prezident təqaüdçüsü, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış dilçi-alim, ədəbiyyatşünas, publisist, şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Naxçıvan Dövlət Universitetinin fəxri professoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın müəllifi olduğu “Qərbi Azərbaycan: Danışan izlərin işığında” və həmmüəllifi olduğu “Qərbi Azərbaycan folkloru etnopedaqogika mənbəyi kimi” kitablarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açaraq Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb. Professor Mahirə Hüseynovanı yeni nəşrlərin ərsəyə gəlməsi münasibətilə təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Rektor kitabları III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalına dəyərli elmi töhfə kimi qiymətləndirib, nəşrlərin özünəməxsus araşdırma metodologiyası, zəngin mənbə bazası və orijinal yanaşması ilə seçildiyini qeyd edib. Elbrus İsayev Mahirə Hüseynovanın uzun illər ərzində Azərbaycan elminə, təhsilinə və Qərbi Azərbaycan irsinin araşdırılmasına verdiyi töhfələrdən bəhs edərək, onun yorulmaz elmi-pedaqoji fəaliyyətinin gənc tədqiqatçılar üçün nümunə olduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında Qərbi Azərbaycan mövzusunun son dövrlərdə elmi tədqiqatların prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb. Akademik qeyd edib ki, təqdim olunan nəşrlər Qərbi Azərbaycanın paleotoponimləri, tarixi, mədəniyyəti, folkloru və milli-mənəvi dəyərlərinin sistemli şəkildə araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlı əsərlərdə folklor nümunələri, dil faktları və xalq yaddaşının vəhdətdə təqdim olunmasını yüksək qiymətləndirərək, nəşrlərin Qərbi Azərbaycanla bağlı zəngin mənəvi irsin sistemləşdirilməsi və elmi dövriyyəyə gətirilməsi baxımından xüsusi dəyərə malik olduğunu vurğulayıblar.
Təqdimat mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, tanınmış şair və publisist Ramiz Qusarçaylı, Asiya Beynəlxalq Universitetinin beynəlmiləlləşmə və strateji inkişaf məsələləri üzrə rektor müşaviri, doktor Azamat Akbarov, Əl-Fərabi adına Qazax Milli Universitetinin fəlsəfə və politologiya fakültəsinin dekanı, professor Bekjan Berikbayeviç Meyırbayev və digər çıxışçılar professor Mahirə Hüseynovanın yorulmaz elmi fəaliyyətindən, nəşrlərin elmi əhəmiyyətindən, müəllifin Qərbi Azərbaycan irsinin araşdırılması və təbliğinə verdiyi töhfələrdən bəhs ediblər.
Daha sonra professor Mahirə Hüseynova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. O, III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalının əhəmiyyətindən bəhs edərək bu mötəbər tədbirin artıq ənənə halını aldığını və üçüncü dəfə keçirildiyini qeyd edib. Professor Naxçıvan Dövlət Universitetində yenidən olmaqdan məmnunluğunu ifadə edərək, universitetin Qərbi Azərbaycan həqiqətlərinin elmi müstəvidə araşdırılması və təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Mahirə Hüseynova təqdim olunan kitabların ərsəyə gəlməsi prosesi, əsas tədqiqat istiqamətləri və məqsədləri barədə məlumat verərək bildirib ki, nəşrlərdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru və milli yaddaşı elmi faktlar əsasında araşdırılıb. Professor qeyd edib ki, biz Qərbi Azərbaycana elmimiz, araşdırmalarımız, faktlara söykənən həqiqətlərimizlə qayıdırıq. O, gələcəkdə də bu istiqamətdə tədqiqatların davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda xatirə fotosu çəkdirilib.
.jpeg)



