Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin müəllifi olduğu “1926-cı il I Türkoloji Qurultay – tarixi zəminində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müəllifi təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
Rektor həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı 22 oktyabr 2025-ci il tarixli sərəncamını diqqətə çatdırıb və bu istiqamətdə görülən işlərin vacibliyini vurğulayıb.
Elbrus İsayev bildirib ki, nəşr I Türkoloji Qurultayın tarixi mahiyyətinin, onun ideoloji və elmi əsaslarının daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev kitab haqqında ətraflı məlumat verərək qeyd edib ki, nəşrdə qurultayın tarixi konteksti, uzun illər tədqiq olunmamış arxiv sənədləri və milli mətbuat materialları xronoloji ardıcıllıqla təqdim olunub.
Onun sözlərinə görə, kitabda protokollar, məruzə və çıxış mətnləri, rəsmi teleqramlar, həmçinin müxtəlif komissiyalara aid sənədlər yer alır və bu materiallar analitik şərhlərlə müşayiət olunur.
Təqdimatda AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, NDU-nun “Azərbaycan dilçiliyi” kafedrasının professoru Sədaqət Həsənova və həmin kafedranın dosenti Zülfiyyə İsmayıl çıxış edərək kitabın elmi əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, üç fəsildən ibarət nəşrdə I Türkoloji Qurultay sovet məkanında türk dillərinin inkişafı, yazı sisteminin dəyişməsi və mədəni inteqrasiya məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi təqdim edilir.
Kitabda qurultayın tarixi-funksional mahiyyəti və türkologiyanın inkişafına təsiri sistemli şəkildə araşdırılıb.Sonda müəllif Nadir Məmmədli tədbirin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.
Professor çıxışını bu sözlərlə yekunlaşdırıb:“Mən arzu edirəm ki, gələcək zamanda bu qurultayın ikincisi baş tutsun və türkdilli xalqlardan olan qardaşlarımız bu sözlərlə çıxış etsinlər: “İkinci Türkoloji Qurultayı açıq elan edirik. Hər biriniz xoş gəlmisiniz.”


