Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qarabağ 3D rəqəmsal bərpa" layihə müsabiqəsi keçirilib.
Müsabiqə Qarabağ bölgəsində yerləşən tarixi və memarlıq abidələrinin müasir texnologiyalar vasitəsilə rəqəmsal mühitdə bərpası ideyalarını təşviq etmək, gənclərin memarlıq və şəhərsalma sahəsində yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə təşkil olunub.
Tələbələr tərəfindən müxtəlif 3D rəqəmsal bərpa layihələri təqdim edilib, Qarabağın tarixi abidələrinin virtual modelləri və onların bərpasına dair ideyalar nümayiş etdirilib. Təqdimatlar zamanı iştirakçılar abidələrin memarlıq xüsusiyyətləri, tarixi əhəmiyyəti və müasir texnologiyalar vasitəsilə bərpası imkanları haqqında məlumat veriblər.
Sonda təqdim olunan layihələr qiymətləndirilərək müsabiqənin qalibləri müəyyən edilib və belə təşəbbüslərin gənclərin elmi yaradıcılığının inkişafına və milli-mədəni irsin qorunmasına marağın artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.




