Təcrübə müddətində NDU-nun 26 tələbəsi ilə müxtəlif müəssisələr tərəfindən əmək müqaviləsi bağlanılıb. Bu barədə Naxçıvan Dövlət Universitetində 2025–2026-cı tədris ilində keçirilən pedaqoji və istehsalat təcrübələrinin yekununa həsr olunan konfransda məlumat verilib. Qeyd olunub ki, bu nəticə tələbələrin təhsil aldıqları müddətdə əmək bazarına uğurlu inteqrasiyasının və universitet–sənaye əməkdaşlığının səmərəli təşkilinin göstəricisidir.
Konfransdan əvvəl İncəsənət fakültəsində təcrübəçi tələbələrin təcrübə müddətində qazandıqları nailiyyətləri əks etdirən təcrübə kitabçaları, hesabatlar, təşəkkürnamələr və müxtəlif ixtisaslar üzrə hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan NDU-nun Tədris departamentinin direktoru Şahin Əliyev bildirib ki, pedaqoji və istehsalat təcrübələri tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi, peşə hazırlığının artırılması və əmək bazarına daha səmərəli inteqrasiyasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, tələbələr təcrübə müddətində nizam-intizam qaydalarına ciddi əməl edib, pedaqoji təcrübədə müasir interaktiv təlim metodlarından səmərəli istifadə edib, istehsalat təcrübəsində isə texnoloji və idarəetmə proseslərində fəallıq nümayiş etdiriblər. Şahin Əliyev təcrübələrin uğurla başa çatmasında əməyi olan təcrübə rəhbərlərinə, müəllimlərə və tərəfdaş müəssisələrə təşəkkürünü bildirib.
Daha sonra pedaqoji və istehsalat təcrübələrinin gedişini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Təcrübə və məzunlarla iş sektorunun müdiri Asiman İsmayılov bildirib ki, universitetin ümumilikdə 1838 nəfər buraxılış kurs tələbəsi təcrübəyə cəlb olunub. Onlardan 68 ixtisas üzrə I yarımildə 102, II yarımildə 1339 tələbə 46 müxtəlif müəssisədə təşkil olunan istehsalat təcrübəsində iştirak edib, təcrübələrə 130 müəllim rəhbərlik edib. Həmçinin 20 ixtisas üzrə 397 tələbə pedaqoji təcrübəyə cəlb olunub, prosesə 43 müəllim rəhbərlik edib. Pedaqoji təcrübələr Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada, Naxçıvan şəhərində yerləşən 12 ümumtəhsil məktəbində və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində təşkil olunub.
Vurğulanıb ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq ili" elan olunması ilə əlaqədar təcrübəçi tələbələr bu istiqamətdə maarifləndirici tədbirləri fərdi iş planlarına daxil ediblər. Təcrübə müddətində, həmçinin təcrübəçi tələbələrin təşəbbüsü ilə "Zəfər" bilik yarışı və vətənpərvərlik mövzusunda müxtəlif maarifləndirici tədbirlər təşkil edilib.
Konfransın bədii hissəsində İncəsənət fakültəsinin "Aktyor sənəti" ixtisası üzrə təcrübəçi tələbələrinin hazırladığı "İdeal kimdir?" tamaşası izlənilib.
Sonda 2025-2026-cı tədris ilində fərqlənən tələbələrə təşəkkürnamə təqdim olunub.

2.jpeg)


