NDU Elmi Kitabxanasında “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Gülxarə Əhmədovanın müəllifi olduğu “Məktəb teatrı” adlı monoqrafiyanın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova son dövrlər universitet əməkdaşları tərəfindən incəsənət və mədəniyyət tarixinə həsr olunmuş kitabların yazılmasını yüksək qiymətləndirib.
Daha sonra İncəsənət fakültəsinin dekanı, “Təsviri incəsənət” kafedrasının dosenti, Naxçıvan MR Əməkdar rəssamı Cavid İsmayılov, “Teatr və mədəniyyətşünaslıq” kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Nurbəniz Niftəliyeva və digər çıxışçılar teatrşünaslar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş monoqrafiyanın elmi-metodoloji əhəmiyyətindən bəhs ediblər.
Qeyd olunub ki, iki fəsildən ibarət olan kitabda XIX-XX əsrlərdə Azərbaycan dramaturgiyasının inkişaf xüsusiyyətlərindən, milli teatrın yaranması və inkişafından, məktəb teatrının təşəkkülü və inkişaf mərhələlərindən bəhs olunur. Eyni zamanda monoqrafiyada Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının fəaliyyəti işıqlandırılıb.
Sonda çıxış edən müəllif tədbirin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.




