Naxçıvan Dövlət Universitetində “2025–2026-cı tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin Yekun Konfransı” keçirilib.
04–08 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə, o cümlədən “Şəhərsalma və Memarlıq İli” və “Ulu Öndərin Xatirə Həftəsi” çərçivəsində keçirilən konfrans universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə NDU nəzdində Gimnaziyada baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev tələbələrin elmi fəaliyyətə cəlb olunmasının universitetin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirib. Rektor qeyd edib ki, universitetdə tələbələrin elmi potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb, onların yerli və beynəlxalq elmi konfranslarda, layihələrdə və akademik proqramlarda iştirakı daim dəstəklənir.
Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə 2025–2026-cı tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat təqdim edib. Bildirilib ki, cari tədris ilində 1775 tələbə tərəfindən 1771 elmi-tədqiqat işi yerinə yetirilib. Qeyd olunub ki, son 9 ildə elmi fəaliyyətlə məşğul olan tələbələrin sayı təxminən 5 dəfə artıb. Elmi-tədqiqatla məşğul olan tələbələrin təxminən 5 faizini isə əcnəbi tələbələr təşkil edir.
Həmçinin vurğulanıb ki, universitet mərhələsində qiymətləndirmələr Akademik Fəaliyyətin Qiymətləndirilməsi Komissiyası tərəfindən yeni meyarlar əsasında aparılıb.
Daha sonra “Klinik fənlər və hərbi tibb” kafedrasının müəllimi Fariz Məmmədov elmi rəhbərlər adından, NDU nəzdində Gimnaziyanın Şagird Elmi Cəmiyyətinin sədri Hüseyn Tahirov isə gimnaziyada şagirdlərin elmə marağının artırılması və erkən yaşlardan elmi fəaliyyətə yönləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonda universitetin “Belcanto” Xorunun ifasında Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət bədii hissə nümayiş olunub. Ardınca iştirakçılara plaket və sertifikatlar təqdim edilib.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi




