04-08 may tarixlərində Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 2026-cı il – “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Ulu Öndərin Xatirə Həftəsi”nə start verilib.
“Ulu Öndərin Xatirə Həftəsi” çərçivəsində NDU kollektivi tərəfindən dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi ziyarət edilib. NDU-nun rektoru Elbrus İsayev, universitetin professor-müəllim heyəti və Tələbə Elmi Cəmiyyətinin üzvü olan tələbələr abidə önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra kollektiv Heydər Əliyev Muzeyini ziyarət edib. Muzeydə Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri barədə ətraflı məlumat verilib. Ziyarətçilər muzeydə Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərinə, şəxsi əşyalarına, diplomatik görüşlərini əks etdirən sənədlərə və xatirə hədiyyələrinə baxış keçiriblər. Muzeyin ekspozisiyasında Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu dövrdə həyata keçirdiyi mühüm siyasi qərarları əks etdirən materiallarla tanış olublar.
Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, “Ulu Öndərin Xatirə Həftəsi” çərçivəsində “Ömrün Naxçıvan aşırımları” sənədli filminin nümayişi, “Xalqın taleyini öz taleyinə çevirən adam” mövzusunda panel müzakirə, “Heydər Əliyev və dövlət şəhərsalma siyasəti” və “Mənim həyatımın məqsədi Azərbaycandır!” adlı dəyirmi masalar və 2026-cı il – “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş 2025-2026-cı tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi tədqiqat işlərinin yekun konfransı kimi silsilə tədbirlər keçiriləcək.




