NDU-da Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib

10.06.2026

NDU-da Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Nümayəndə heyəti universitetin rektoru Elbrus İsayev və Hüquq fakültəsinin tələbələri ilə görüşüb.

Tədbir zamanı qonaqları salamlayan NDU-nun rektoru Elbrus İsayev universitetin Hüquq fakültəsinin formalaşma tarixi, fəaliyyəti və son illərdə əldə etdiyi inkişaf göstəriciləri barədə məlumat verib. Rektor Vəkillər Kollegiyası ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək iki qurum arasında imzalanmış memorandumun tələbələrin praktiki biliklərinin artırılmasına, peşəyönümlü hazırlığının gücləndirilməsinə və gələcək hüquqşünasların yetişdirilməsinə mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, son illərdə gənclərin vəkillik peşəsinə marağı əhəmiyyətli dərəcədə artıb və bu sahəni seçənlərin sayı ildən-ilə çoxalır. Bu isə ölkədə vəkillik institutunun nüfuzunun yüksəldiyini və həyata keçirilən islahatların müsbət nəticələr verdiyini göstərir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək vəkillik peşəsinin cəmiyyətdəki rolu və hüququn aliliyinin təmin edilməsinin əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, kollegiya tərəfindən ölkədə hüquq fakültələri fəaliyyət göstərən bütün ali təhsil müəssisələri, o cümlədən Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalanıb. Bu əməkdaşlıq çərçivəsində tələbələrin vəkil qurumlarında təcrübə keçməsi və müxtəlif hüquqi layihələrdə iştirak etməsi üçün geniş imkanlar yaradılıb.

Bildirilib ki, kollegiyanın təşəbbüsü ilə keçirilən intellektual yarışlarda, təqaüd proqramlarında və istehsalat təcrübələrində Naxçıvan Dövlət Universitetinin tələbələri də fəal iştirak edib. Bu fəaliyyətlər onların hüquqi biliklərinin dərinləşdirilməsinə, praktiki bacarıqlarının inkişafına və peşəkar formalaşmasına mühüm töhfə verib.

Anar Bağırov gələcəkdə də Naxçıvan Dövlət Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramlarının ayrılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu təşəbbüs hüquq təhsili alan gənclərin bu sahəyə təşviq olunması və gələcək hüquqşünas kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Sədr çıxışında Naxçıvan Dövlət Universiteti Hüquq fakültəsinin son illərdə ölkənin hüquq sisteminə dəyərli töhfələr verdiyini, peşəkar və savadlı hüquqşünaslar yetişdirdiyini qeyd edib. Bildirilib ki, fakültə artıq ixtisaslı hüquq kadrlarının formalaşdığı mühüm təhsil və hazırlıq mərkəzlərindən birinə çevrilib.

Daha sonra nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə tanış olub. Qonaqlara tədris prosesi, Hüquq fakültəsinin fəaliyyəti, maddi-texniki bazası və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Daha sonra universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə tərəfindən gələcəkdə yaradılması nəzərdə tutulan Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi haqqında təqdimat edilib. Təqdimatda bildirilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərəcək mərkəzin əsas məqsədi hüquq təhsili alan tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi, onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və hüquqi tədqiqat fəaliyyətinə cəlb olunmasıdır.

Ardınca Anar Bağırov Hüquq fakültəsinin tələbələri üçün ustad dərsi keçib. Dərsdə vəkillik institutunun inkişaf mərhələləri, son illər həyata keçirilən islahatlar, əhalinin keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi, regionlarda vəkillik xidmətlərinin əlçatanlığının artırılması və gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Anar Bağırov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub. Sədr tələbələrə müraciət edərək mövcud inkişaf mühitinin onların peşəkar fəaliyyətə hazırlanması və cəmiyyətə layiqli töhfə verməsi üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı olaraq müxtəlif hədiyyə və kitablar təqdim edilib. 

 

 

 

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqlər şöbəsi