NDU Elmi Kitabxanasında “Biologiya” kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidovun müəllifi olduğu “Tibbi botanika” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, dosent Ənvər İbrahimov son dövrlər təbiət elmləri sahəsində yazılmış elmi-metodiki ədəbiyyatları yüksək qiymətləndirib.
Daha sonra Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov, “Biologiya” kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Bəhruz Bayramov, “Baytarlıq təbabəti” kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov, “Biologiya” kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Səfurə Babayeva çıxış edərək dərs vəsaiti haqqında fikirlərini bildiriblər. Dərs vəsaitinin botanika elminin son nailiyyətləri nəzərə alınmaqla yazıldığı və müasir elmi yanaşmaları özündə əks etdirdiyi vurğulanıb.
Qeyd olunub ki, kitabda tibbi botanikanın mühüm istiqamətləri araşdırılıb, bitkilərin tərkibindəki fizioloji aktiv maddələr, bitki ehtiyatlarından istifadə, yem bitkiləri, zəhərli bitkilər, bitkilər aləminin qanunauyğunluqları, bitkilərin vegetativ və generativ orqanları geniş izah olunub.
Sonda çıxış edən müəllif tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib.




