Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Kimya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyevanın müəllifi olduğu “Üzvi kimya kursunda oksidləşmə-reduksiya reaksiyalarının effektiv üsulla tədrisinin vacibliyi və idrak proseslərinin, varisliyin inkişaf etdirilməsinin əsas mərhələləri” adlı monoqrafiyanın təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan universitetin Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, dosent Ənvər İbrahimov monoqrafiyanın aktual mövzuya həsr olunduğunu vurğulayıb. Bildirib ki, təqdim olunan monoqrafiya yalnız ali təhsil pilləsi üçün deyil, eyni zamanda orta məktəb şagirdləri və abituriyentlər üçün də faydalı vəsait kimi dəyərləndirilə bilər.
Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tədris işləri üzrə dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov, ”Kimya” kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov, kimya üzrə fəlsəfə doktoru, dosent Akif Əliyev, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov, Keyfiyyət Təminatı və monitorinq şöbəsinin müdiri, “Kimya” kafedrasının baş müəllimi Sevinc Kərimova və digər çıxışçılar monoqrafiya haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, üzvi kimya kursunda oksidləşmə-reduksiya reaksiyalarının effektiv tədrisi həm nəzəri biliklərin möhkəmləndirilməsi, həm də tələbələrdə analitik düşünmə və idrak proseslərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin nəzərə çatdırılıb ki, nəşrdə mövzuların sistemli və ardıcıl şəkildə izah olunması, eləcə də həyatla əlaqələndirilərək təqdim edilməsi oxucuların materialı daha asan mənimsəməsinə imkan yaradır.
Daha sonra müəllif Qızıllı Əliyeva göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.




