Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.
Memorandum əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və innovativ layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin son illərdə elm, təhsil və beynəlxalq əməkdaşlıq sahələrində əldə etdiyi nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib. Bildirib ki, bugünkü əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və rəqəmsal dayanıqlılıq sahələrində birgə tədris, elmi-tədqiqat və innovasiya layihələri həyata keçiriləcək.
Rektor qeyd edib ki, təhlükəsizlik əməliyyat mərkəzləri, təhlükə kəşfiyyatı, bulud təhlükəsizliyi, süni intellektin təhlükəsizliyi və məlumatların qorunması istiqamətlərində də tərəflər arasında əməkdaşlıq nəzərdə tutulur.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev isə qeyd edib ki, əməkdaşlığa əsasən süni intellekt, maşın və dərin öyrənmə, generativ süni intellekt, agent əsaslı sistemlər, qərar dəstəyi sistemləri və məsuliyyətli AI sahələrində birgə tədqiqat və tədris fəaliyyətləri təşkil olunacaq. Eyni zamanda doktorantların elmi fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə elmi rəhbərlik, müştərək dissertasiya tədqiqatları, seminarlar və mentorluq proqramları reallaşdırılacaq.
Sənəddə beynəlxalq və milli qrant proqramları çərçivəsində birgə layihələrin hazırlanması, nəticələrin birgə nəşri, energetika, telekommunikasiya, süni intellekt, Big Data və kibertəhlükəsizlik istiqamətlərində birgə laboratoriyaların və innovasiya mərkəzlərinin yaradılması imkanları da əksini tapıb.
Tərəflər həmçinin elmi konfransların, simpoziumların, qısamüddətli kursların təşkili, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris təcrübələrinin paylaşılması və elmi-metodik nəşrlərin mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər.
Qeyd olunub ki, universitetlər Türk Dövlətləri Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər donor qurumların maliyyələşdirdiyi beynəlxalq və regional qrant proqramlarında birgə iştirak imkanlarını da araşdıracaqlar.
Sonda tərəflər arasında hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.




