NDU ilə Çin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının icrasına başlanılıb: 10 nəfərlik nümayəndə heyəti Pekində təlim keçib

09.07.2026

NDU ilə Çin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının icrasına başlanılıb: 10 nəfərlik nümayəndə heyəti Pekində təlim keçib
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında imzalanan əməkdaşlıq memorandumunun icrası çərçivəsində universitetin 10 nəfərdən ibarət nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ali təhsilin idarə edilməsi sahəsində təşkil olunmuş bir həftəlik beynəlxalq təlim proqramını uğurla başa vurub.
 
Təlimlər, ümumilikdə 120 saat davam edən proqram çərçivəsində Çinin nüfuzlu ali təhsil müəssisələrindən olan Beijing University of Chemical Technology və Beijing Information Science and Technology University tərəfindən təşkil olunub.
 
Proqramın əsas məqsədi ali təhsil müəssisələrinin idarə edilməsi sahəsində müasir yanaşmaların öyrənilməsi, beynəlxalq təcrübənin mənimsənilməsi və universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi olub.
 
Təlimlər zamanı iştirakçılar Çində ali təhsilin idarəetmə modeli, universitetlərin strateji inkişaf mexanizmləri, rəqəmsal transformasiya, keyfiyyət təminatı, innovasiya ekosisteminin formalaşdırılması, süni intellekt texnologiyalarının təhsil prosesinə inteqrasiyası, beynəlxalq reytinq sistemləri, elmi tədqiqatların idarə olunması, universitet–sənaye əməkdaşlığı, eləcə də ali təhsildə yeni tendensiyalar və qlobal inkişaf istiqamətləri üzrə geniş məlumat əldə ediblər.
 
NDU nümayəndə heyəti interaktiv mühazirələr, seminarlar, panel müzakirələri və praktik sessiyalar vasitəsilə Çinin ali təhsil sisteminin uğur modelini yaxından öyrənmək, qabaqcıl idarəetmə təcrübələri ilə tanış olmaq və bu təcrübələrin universitetdə tətbiqi imkanlarını qiymətləndirmək imkanı qazanıb.
 
Proqram yalnız akademik məzmunla məhdudlaşmayıb. Təlim çərçivəsində təşkil olunan mədəni fəaliyyətlər iştirakçılara Çinin zəngin tarixi, çoxəsrlik mədəni irsi, milli dəyərləri və müasir inkişaf modeli ilə yaxından tanış olmaq imkanı yaradıb. Bu görüşlər iki ölkə arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və mədəni əlaqələrin daha da inkişafına mühüm töhfə verib.
 
Sözügedən beynəlxalq təlim proqramı Naxçıvan Dövlət Universitetində akademik və inzibati heyətin peşəkar inkişafının gücləndirilməsi, eləcə də müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində atılan mühüm addımlardan biridir.