Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada 2025–2026-cı tədris ilinin məzunlarına həsr olunmuş “Məzun-2026” tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, gimnaziyanın pedaqoji kollektivi, valideynlər və qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra gimnaziyanın direktoru Nazim Rəhimov çıxış edərək məzunların qazandıqları nailiyyətlərdən, müəllimlərin fədakar əməyindən və valideynlərin dəstəyindən bəhs edib.
Məzunların valideynləri adından çıxış edən İlham Yaqublu məzunlarla öz xoş arzularını bölüşüb.
Tədbirin bədii hissəsində VI və VII sinif şagirdlərinin xor çıxışları, məzunların musiqi nömrələri, rəqs kompozisiyaları və müxtəlif səhnəciklər təqdim olunub. Yüksək nəticələri ilə seçilən məzun Rəvan Yaqublu saz ifası ilə iştirakçıların rəğbətini qazanıb. Məzunların təqdim etdiyi musiqi və rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.
Tədbirin ən yaddaqalan məqamlarından biri də gimnaziyanın ənənəsinə uyğun olaraq Azərbaycan Dövlət Bayrağının XI sinif şagirdləri tərəfindən X sinif şagirdlərinə təhvil verilməsi mərasimi olub. Bu mərasim məktəbin dəyərlərinin və uğurlu ənənələrinin gələcək nəsillərə ötürülməsinin rəmzi kimi böyük maraqla qarşılanıb.
Sonda məzunların və onların uğurlarında xüsusi əməyi olan müəllimlərin təltifetmə mərasimi keçirilib. Məzunlara diplom və fəxri fərmanlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Duyğulu anlarla yadda qalan “Məzun-2026” tədbiri əsl bayram ovqatı ilə başa çatıb.




