NDU-nun 221 tələbəsi və həkim-rezidenti Türkiyənin 6 nüfuzlu universitetində yay təcrübə proqramına başlayır

09.07.2026

NDU-nun 221 tələbəsi və həkim-rezidenti Türkiyənin 6 nüfuzlu universitetində yay təcrübə proqramına başlayır
2025/2026-cı tədris ilində Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının İstanbul-Cərrahpaşa Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Dokuz Eylül Universiteti, Akdeniz Universiteti və Qaradəniz Texniki Universiteti arasında qüvvədə olan əməkdaşlıq müqavilələri və qarşılıqlı anlaşma memorandumlarına uyğun olaraq, NDU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri 6–17 iyul 2026-cı il tarixlərində adıçəkilən ali təhsil müəssisələrində yay təcrübəsi keçəcəklər.
 
Beynəlxalq akademik əməkdaşlığın inkişafına xidmət edən bu proqram çərçivəsində təcrübə prosesinin yüksək səviyyədə təşkili, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, təcrübə proqramının tam və keyfiyyətlə mənimsənilməsinin təmin edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi, davamiyyət və intizam qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi, eləcə də yarana biləcək təşkilati məsələlərin operativ həlli məqsədilə universitet üzrə təsdiq edilmiş bölgüyə əsasən rəhbər-kuratorlar təyin edilib və müvafiq vəzifələrin icrasına cəlb olunublar.
 
Yay təcrübəsi proqramında Tibb, Stomatologiya, Əczaçılıq, Psixologiya, İctimai səhiyyə və Hərbi tibb ixtisasları üzrə təhsil alan 221 tələbə və həkim-rezident iştirak edəcək.
 
Qeyd edək ki, sözügedən proqram Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, tələbələrin müasir tibbi təcrübə ilə yaxından tanış olması, peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Azərbaycan–Türkiyə ali təhsil əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Bundan əlavə, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin professor-müəllim heyətindən 21 nəfər 2025/2026-cı tədris ili çərçivəsində Türkiyə Respublikasının İstanbul-Cərrahpaşa, Ankara, Qazi, Dokuz Eylül, Akdeniz və Qaradəniz Texniki universitetlərində təşkil olunan ixtisasartırma proqramında iştirak edəcək.
 
Beynəlxalq akademik əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramın əsas məqsədi professor-müəllim heyətinin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, müasir tədris və klinik təcrübənin öyrənilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin universitetdə tətbiqinə töhfə verməkdir.