Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin akademik heyəti və tələbələri Xaraba Gilan arxeoloji abidəsində aparılan qazıntı işlərində iştirak ediblər. Səfər tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi, arxeoloji tədqiqat prosesinin yerində öyrənilməsi və elmi araşdırmalara cəlb olunması məqsədi daşıyıb.
Səfər çərçivəsində tələbələr qazıntı sahəsində aparılan işlərlə yaxından tanış olub, arxeoloji prosesin mərhələlərini müşahidə ediblər və sahə tədqiqatı üzrə praktiki biliklər əldə ediblər.
Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli aparılan qazıntılar, əldə olunan elmi nəticələr və abidənin tarixi əhəmiyyəti barədə məlumat verib.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov isə tələbələrin bu cür ekspedisiyalarda iştirakının onların peşə hazırlığının gücləndirilməsində və elmi dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, Xaraba Gilan Cənubi Qafqazın az öyrənilmiş, lakin zəngin tarixi-mədəni irsə malik mühüm arxeoloji abidələrindən biridir və burada aparılan tədqiqatlar regionun qədim tarixinin öyrənilməsində xüsusi əhəmiyyət daşıyır.




