Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Biologiya” kafedrasının müəllim və tələbələrindən ibarət “Nadir flora” elmi tədqiqat qrupu Şahbuz rayonunun orta dağlıq ərazilərinə elmi ekspedisiya təşkil edib.
Ekspedisiyanın əsas məqsədi yeni bitki növlərinin aşkar edilməsi, tələbələrin regionun zəngin flora müxtəlifliyi ilə tanış olması, elmi-pedaqoji heyətin tədqiqat fəaliyyətinin dəstəklənməsi, herbari fondunun yeni nümunələrlə zənginləşdirilməsi və paleobotanika istiqamətində araşdırmaların aparılması olub.
Aparılan tədqiqatlar uğurla nəticələnib. Ekspedisiya zamanı Azərbaycan florası üçün yeni olan bir bitki növü aşkar edilib. Bununla yanaşı, qrup üzvləri ilk dəfə olaraq paleobotanik bitki qalıqları müəyyən ediblər.
Tədqiqat işləri hazırda da davam etdirilir. Ekspedisiyada iştirak edən tələbələr elmi araşdırmalarda fəallıq nümayiş etdirərək tədqiqat prosesinə mühüm töhfə veriblər.




