NDU-nun tələbə və müəllim heyəti Dokuz Eylül Universitetində klinik təcrübəyə başlayıb

10.07.2026

NDU-nun tələbə və müəllim heyəti Dokuz Eylül Universitetində klinik təcrübəyə başlayıb
Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Dokuz Eylül Universitetində klinik staja başlayıb.
 
Staj proqramı çərçivəsində ilk gün Dokuz Eylül Universitetinin rəhbərliyi və Tibb fakültəsinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tibb fakültəsinin dekanı, professor Sərdar Bayrak, fakültənin xarici əlaqələr üzrə koordinatoru, mikrobiologiya professoru Arzu Sayıner, eləcə də Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak edib.
 
Daha sonra Dokuz Eylül Universitetinin prorektoru, professor Mehmet Birhan Yılmaz, Tibb fakültəsinin dekanı, professor doktor Sərdar Bayrak, fakültə əməkdaşları və Naxçıvan Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə internlər üçün oriyentasiya proqramı təşkil olunub.
 
Tədbirdə çıxış edən prorektor Mehmet Birhan Yılmaz və dosent Bəhruz Məmmədov iki universitet arasında qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, həyata keçirilən birgə fəaliyyətlər tələbə və müəllimlərin beynəlxalq təcrübə qazanmasına, peşəkar bilik və bacarıqlarının inkişafına mühüm imkan yaradır.
 
Çıxışlarda bu əməkdaşlığın reallaşmasına göstərdikləri dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkür ifadə olunub.
 
Oriyentasiya proqramından sonra Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti müəyyən edilmiş qrafik əsasında daxili xəstəliklər, dəri-zöhrəvi xəstəliklər, kardiologiya, təcili tibbi yardım, cərrahiyyə, göz xəstəlikləri, uşaq xəstəlikləri və nefrologiya şöbələrində klinik staja başlayıb.