3 iyul tarixində UNEC Zaqatala filialının yaradılmasının 10 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev də iştirak edib.
Yubiley proqramı çərçivəsində Zaqatala Heydər Əliyev Mərkəzində “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir çərçivəsində yeni yaradılmış Turizm Otağının, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Məsud Əfəndiyevin adını daşıyan auditoriyanın və Regional İnnovasiya Mərkəzinin açılışı olub.
Beynəlxalq elmi-praktiki konfrans çərçivəsində keçirilən “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masada çıxış edən NDU rektoru universitetin inkişaf strategiyası və regional ali təhsilin gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Elbrus İsayev çıxışında bildirib ki, Naxçıvan Dövlət Universiteti muxtar respublikada yerləşməsinə baxmayaraq, təşkilati-struktur və kampus modeli baxımından ölkə əhəmiyyətli ali təhsil müəssisəsidir. Universitet əcnəbi tələbələrin sayına görə ölkədə lider mövqedə qərarlaşıb, əcnəbi professorların cəlb olunması istiqamətində fəaliyyəti ilə isə qlobal əhəmiyyət daşıyan ali təhsil ocaqlarından biri kimi tanınır.
Qeyd olunub ki, blokada şəraitində fəaliyyət göstərən yeganə universitet olmasına baxmayaraq, hazırda NDU tələbələrinin təxminən 30 faizi Azərbaycanın müxtəlif bölgələrindən, 25 faizi isə dünyanın 22 ölkəsindən formalaşır. Bu göstəricinin universitetin cəlbedici və dayanıqlı inkişaf strategiyasının nəticəsi olduğu vurğulanıb.
Çıxış zamanı NDU-da son beş ildə uğurla tətbiq olunan Triple Helix (universitet–sənaye–dövlət əməkdaşlığı) modeli və onun universitetin inkişafına verdiyi töhfələrdən də bəhs edilib.
Elbrus İsayev beynəlxalq ali təhsil siyasətində regional universitet anlayışının dəyişdiyini diqqətə çatdıraraq bildirib ki, bu gün əsas meyar universitetin yerləşdiyi məkan deyil, yerinə yetirdiyi missiyadır. Bu kontekstdə NDU-nun fəaliyyətinin üç əsas istiqamətdə inkişaf etdiyi qeyd olunub: regional təsir (iqtisadi, sosial və mədəni inkişafın dəstəklənməsi), milli təsir (dövlət siyasətinə, iqtisadiyyata və ali təhsil sisteminə töhfə) və qlobal təsir (beynəlxalq elm, innovasiya və tərəfdaşlıqlar vasitəsilə qlobal akademik məkanda fəal iştirak).
Dəyirmi masa çərçivəsində regional universitetlərin inkişafına dair bir sıra təkliflər də səsləndirilib. Təkliflər sırasında regional universitetlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı “üçüncü missiya” indikatorlarının nəzərə alınması, reytinqlərin məqsəd deyil, regional inkişafı dəstəkləyən vasitə kimi qəbul edilməsi, istehsalat müəssisələrinin universitetlərin tərəfdaşına çevrilməsi, region universitetlərinə professor-müəllim heyətinin rotasiya əsasında ezam olunması mexanizminin tətbiqi və region universitetlərinin gələcək inkişaf strategiyalarında ixtisaslaşma modelinə keçidin təşviqi yer alıb.
Səfər çərçivəsində tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Ədalət Muradov başda olmaqla təşkilatçılara təşəkkür ifadə olunub. Qeyd edilib ki, UNEC modeli Zaqatala filialında uğurla tətbiq edilir və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Həmçinin vurğulanıb ki, regionda UNEC filialının fəaliyyət göstərməsi ali təhsilin əlçatanlığını artırmaqla yanaşı, ölkənin yüksək ixtisaslı kadr hazırlığına da mühüm dəstək verir.




