4 may 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” ixtisasının V kurs tələbələri Iğdır Universitetinin tabeliyində fəaliyyət göstərən Heyvan Xəstəxanasında istehsalat təcrübəsinə başlayıblar.
Universitetdən verilən məlumata görə, təcrübənin ilk günündə İsa Özaydının rəhbərliyi ilə Gökhan Koçak və digər müəllimlər NDU tələbələrini xəstəxananın bölmələri və laboratoriyaları ilə tanış ediblər.
Bildirilib ki, ilk gün olmasına baxmayaraq, tələbələr cərrahi əməliyyatda da iştirak edərək praktiki biliklərini artırmaq imkanı əldə ediblər.
Qeyd edək ki, təcrübə proqramının 8 may tarixinədək davam edəcəyi planlaşdırılır.
Tələbələr təcrübənin təşkilinə və onlara yaradılan imkanlara görə Iğdır Universiteti və Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar bu cür təcrübə proqramlarının peşəkar bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.




