NDU tələbələri  paytaxtda keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında uğurla çıxış ediblər

09.05.2026

NDU tələbələri  paytaxtda keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında uğurla çıxış ediblər

        Naxçıvan Dövlət Universitetinin tələbələri Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində maraqlı çıxışlar təqdim ediblər.

       Elm və Təhsil Nazirliyi və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan müsabiqə-festivalın yekun konserti mayın 8-də Heydər Əliyev Sarayında keçirilib. 

      Konsert proqramında Naxçıvan Dövlət Universitetinin tələbələrinin təqdim etdiyi milli musiqi və incəsənət nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Universitet təmsilçiləri Naxçıvan yallısı, muğam, saz, fortepiano ifası və bədii qiraət olmaqla, ümumilikdə, 6 nominasiya üzrə çıxış ediblər.

         NDU tələbələri təqdimatlarında milli-mənəvi dəyərlərimizi və Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdiriblər. Festival-konsert gənclərin bədii yaradıcılıq potensialının üzə çıxarılması, milli musiqi və incəsənət ənənələrinin yaşadılması baxımından əhəmiyyətli platforma olub.