Naxçıvan Dövlət Universitetinin tələbələri Azərbaycan Tibb Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə Beynəlxalq Tibb Bacıları Gününə həsr olunmuş “Çiyin-çiyinə tibb naminə” adlı universitetlərarası klinik-praktik olimpiadada uğurla iştirak ediblər.
NDU-nu olimpiadada universitetin V kurs tibb tələbələrindən ibarət “VİRTUS” komandası təmsil edib. Münəvvər Əliyevanın kapitanlığı ilə yarışa qatılan komanda yüksək nəticə göstərərək III yerə layiq görülüb.
Üç mərhələdən ibarət olan olimpiadanın ilk mərhələsində iştirakçılar onlayn test üsulu ilə qiymətləndiriliblər. Bu mərhələdə yüksək nəticə göstərən tələbələr əsasında komandalar formalaşdırılıb.
“Kapitanlar müsabiqəsi” adlanan ikinci mərhələ 100 bal üzərindən qiymətləndirilib. Mərhələ “Zəka döyüşü” Kahoot mərhələsi, “Tibbin sirli sualları” və “Vizit kart” təqdimatından ibarət olub. Yarış zamanı iştirakçıların sürətli düşünmə, operativ qərarvermə, tibbi məntiq, yaradıcılıq və təqdimat bacarıqları yoxlanılıb.
Olimpiadanın üçüncü mərhələsi isə praktik hissə – OSKİ tipli imtahan şəklində təşkil olunub. Bu mərhələdə tələbələrin klinik təfəkkürü, praktik bacarıqları və qərarvermə qabiliyyətləri qiymətləndirilib.
Yekun nəticələrə əsasən, Naxçıvan Dövlət Universitetinin “VİRTUS” komandası III yerə layiq görülərək diplom və 1200 manat pul mükafatı ilə təltif olunub.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi




