Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti İstanbul Texniki Universitetinə (İTÜ) işgüzar səfəri çərçivəsində İTÜ Nanotexnologiya Tətbiq və Araşdırma Mərkəzini (ITUnano) ziyarət edib.
Bu səfər Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinin icrası çərçivəsində yaradılmış birgə işçi qruplarının fəaliyyətinin davamı olaraq həyata keçirilib. Tərəflər Naxçıvan Dövlət Universitetində Nanotexnologiya Mərkəzinin yaradılması istiqamətində birgə fəaliyyətlərini davam etdirirlər.
Səfər çərçivəsində nümayəndə heyəti İTUnano-nun müasir elmi-tədqiqat infrastrukturu, yüksək texnologiyalarla təchiz olunmuş laboratoriyaları və nanotexnologiya sahəsində həyata keçirilən innovativ araşdırmalarla, eyni zamanda, mikro və nanoölçülü məhsulların hazırlanması üçün xüsusi şəraitə malik Cleanroom (Təmiz Otaq) kompleksi ilə yaxından tanış olub. Burada tətbiq edilən qabaqcıl texnologiyalar və elmi-tədqiqat imkanları barədə ətraflı məlumat verilib.
Keçirilən görüşlərdə nanotexnologiya sahəsində birgə elmi tədqiqat layihələrinin hazırlanması, müasir laboratoriya infrastrukturunun qurulması, alim və tədqiqatçı mübadiləsi, magistr və doktorantların birgə hazırlanması, eləcə də beynəlxalq qrant layihələrində ortaq iştirak imkanları müzakirə olunub.
Naxçıvan Dövlət Universitetində yaradılması planlaşdırılan Nanotexnologiya Mərkəzi universitetin tədqiqat potensialının gücləndirilməsi, yüksək texnologiyalar sahəsində yeni elmi istiqamətlərin formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın daha da genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.




