Naxçıvan Dövlət Universitetində “Beynəlxalq təlim aylığı” çərçivəsində İstanbul Universitetinin dosenti Bahadır Fatih Yıldırım tərəfindən “Akademik tədqiqat bacarıqları” mövzusunda təlim keçirilib.
Təlimdə elmi tədqiqat fəaliyyətinin əsas mərhələləri ilə bağlı müasir yanaşmalar barədə iştirakçılara məlumat verilib. Ədəbiyyat axtarışı, istinadların düzgün verilməsi, məlumatların təhlili və vizuallaşdırılması məsələlərindən danışılıb.
Məruzədə məlumat analizi üçün Tableau və PowerBI kimi vizuallaşdırma alətlərinin istifadəsi və müxtəlif akademik yazı elementləri xüsusi qeyd olunub. Süni intellektin araşdırmalarda rolu ayrıca müzakirə olunaraq Consensus, ChatPDF və ChatGPT kimi proqramlardan istifadə yolları göstərilib.
Təlimdə araşdırma etikası və plagiatın qarşısının alınması mövzusu da diqqət mərkəzində olub. Süni intellektdən istifadə etikası, məlumatların gizliliyi barədə geniş məlumat verilib. Son olaraq, nəşr prosesi və görünürlük mövzusu izah edilərək ORCID, ResearcherID, ResearchGate və Google Scholar kimi platformalarda elmi profil yaratmağın əhəmiyyəti vurğulanıb.



