NDU-da 1997-ci ilin “Riyaziyyat” ixtisası üzrə məzunları ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində “Məzun 1997 – 28 il sonra yenidən bir arada” adlı görüş keçirilib. Tədbirdə universitetin rektoru Elbrus İsayev 1993-1997-ci illərdə “Riyaziyyat” ixtisası üzrə təhsil alan məzunlarla görüşüb, onları salamlayaraq universitetdə aparılan işlər və yeniliklər barədə məlumat verib.

Rektor çıxışı zamanı qeyd edib ki, “Riyaziyyat” ixtisası universitetin 1967-ci ildə fəaliyyətə başlayan ilk üç ixtisasından biri olub və bu elm sahəsi hər zaman aktuallığını qoruyub. Bununla yanaşı, “Riyaziyyat” ixtisası son zamanların tələbi olan süni intellektə uyğunlaşdırılaraq inkişaf edir. Bildirilib ki, bu il 600-dən yuxarı bal toplayan abituriyentlərin riyaziyyat ixtisasını seçməsi bu sahəyə olan marağın davam etdiyini göstərir və universitet riyaziyyat fənni üzrə Azərbaycan sektorunda birinci yerdədir. Rektor eyni zamanda NDU-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində də riyaziyyatın həm yerli, həm də qlobal proqram üzrə tədris olunduğunu nəzərə çatdırıb.

1997-ci ilin məzunlarından olan, universitetin elmi katibi, pedaqogika üzrə fəlsəfə doktoru Orxan Cəfərov və Ordubad rayon Kələki kənd tam orta məktəbinin direktoru Vəsilə Xəlilova tədbirdə çıxış edərək tələbəlik illərinə dair xatirələrini bölüşüblər. Onlar Naxçıvan Dövlət Universitetinin şəxsi və peşəkar həyatlarında oynadığı mühüm roldan bəhs edərək keçirilən görüş və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Tədbirdə məzunların tələbəlik illərinə dair fotolardan ibarət slayd nümayiş olunub, xatirə şəkilləri çəkdirilib. Məzunlar daha sonra Fizika – riyaziyyat fakültəsinin müəllim və tələbələri ilə görüşüb, əvvəlki təhsil aldıqları Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində gəzinti ediblər.

Görüş çay süfrəsi ətrafında xatirələrin paylaşılması ilə başa çatıb.

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı