NDU-da 2025/2026-cı tədris ilinin II yarısında keçiriləcək təcrübələrin başlanğıc konfransı baş tutub

20.02.2026

NDU-da 2025/2026-cı tədris ilinin II yarısında keçiriləcək təcrübələrin başlanğıc konfransı baş tutub

Naxçıvan Dövlət Universitetində 2025/2026-cı tədris ilinin II yarısında təşkil olunacaq təcrübələrin başlanğıc konfransı keçirilib. Konfransda təcrübə keçiriləcək müxtəlif müəssisələrin nümayəndələri, NDU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq pedaqoji və istehsalat təcrübəsinin, universitet-sənaye əməkdaşlığının peşəkar kadr hazırlığındakı əhəmiyyətindən danışıb. Rektor NDU-nun regionun əmək bazarının tələblərinə uyğun olaraq istənilən müəssisə üçün ixtisaslı mütəxəssislər hazırlamaq potensialına malik olmasını qeyd edib. Universitetə davamlı olaraq əcnəbi professorların dəvət olunmasının, tələbələrin xaricdə staj keçməsinin, həmçinin tələb və sifariş üzrə universitetdə seçmə fənlərin tədris olunmasının peşəkar kadr hazırlığına mühüm töhfə verdiyini bildirib. Təcrübə keçəcək tələbələrə uğurlar arzulayıb və bu dövrü keyfiyyətli keçirmələri ilə bağlı tövsiyələr verib.

           Tədrisin təşkili şöbəsinin müdiri Aynurə Seyidova təcrübələrin təşkilinə dair tələblər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edib ki, 2025-2026-cı tədris ilinin ikinci yarısında, ümumilikdə, Naxçıvan Dövlət Universitetinin 1708 nəfər buraxılış kurs tələbəsi təcrübədə iştirak edəcək. 68 ixtisas üzrə 1311 tələbə istehsalat təcrübəsinə yollanacaq.  Onlardan 1080-i əyani, 164-ü qiyabi şöbədə, 67 tələbə isə əlavə ali təhsil üzrə təhsil alır. Təcrübələr 1, 4, 5, 14 və 20 həftəlik olacaq.  38 müxtəlif müəssisədə təşkil olunacaq istehsalat təcrübəsinə 130 nəfər müəllim rəhbərlik edəcək.

        Ümumilikdə, 20 ixtisas üzrə 397 tələbə isə pedaqoji təcrübədə olacaq, pedaqoji təcrübəyə 43 nəfər müəllim rəhbərlik edəcək. Təcrübələrin keçirilməsi üçün təcrübə bazası kimi Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya, Naxçıvan şəhərində yerləşən 12 ümumtəhsil məktəbi və Babək rayon Şıxmahmud kənd tam orta məktəbi seçilib. Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında müqavilə imzalanıb.

Tibb fakültəsinin “Əczaçılıq və biokimya” kafedrasının müdiri Surə Rəhimova çıxışında nəzəri biliklərin praktikada tətbiqinin peşə bacarıqlarının inkişafı, iş mühitinə adaptasiya, tələbələrin gələcək iş yeri ilə ilkin əlaqələrin qurulması baxımından önəmini qeyd edib.

Heydər Əliyev adına tam orta məktəbin müəllimi Aysel Əsgərova isə çıxışında pedaqoji təcrübənin tələbləri və müəllimlik peşəsinin əsaslarından danışıb.

Konfrans təcrübə prosesinin məqsəd və vəzifələrinin aydın şəkildə müəyyənləşdirilməsi və tələbələrin peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə başlamasına zəmin yaradıb.

Gülay Tahirli

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı