NDU-da 2025/2026-cı tədris ilinin ikinci yarısı üçün təşkil olunan təcrübələrin gedişinə dair müşavirə keçirilib

06.04.2026

NDU-da 2025/2026-cı tədris ilinin ikinci yarısı üçün təşkil olunan təcrübələrin gedişinə dair müşavirə keçirilib

Naxçıvan Dövlət Universitetində 2025/2026-cı tədris ilinin ikinci yarısı üçün təcrübələrin gedişinə dair müşavirə təşkil olunub.

Müşavirədə universitet rəhbərliyi, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər. Tədbirdə tələbələrin istehsalat və pedaqoji təcrübələrinin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədris departamentinin direktoru Şahin Əliyev statistik məlumatlarla çıxış edərək bildirib ki, 2025–2026-cı tədris ilinin ikinci yarısında ümumilikdə 68 ixtisas üzrə 1311 tələbə istehsalat təcrübəsinə cəlb olunub. Təcrübələrə 130 nəfər müəllim heyəti rəhbərlik edir.

Tələbələrin praktiki fəaliyyətinin təmin olunması məqsədilə 41 müəssisə ilə əməkdaşlıq müqaviləsi imzalanıb və bu müəssisələrin tabeliyində olan 46 qurumda təcrübə keçirilir.

Hazırkı vəziyyətə əsasən, əlavə ali təhsil üzrə 67 nəfər və qiyabi ixtisas üzrə 126 nəfər tələbə istehsalat təcrübəsini başa vurub. Hal-hazırda isə əyani şöbə üzrə 1080 nəfər, qiyabi şöbə üzrə 42 nəfər tələbənin təcrübəsi davam edir.

Əyani şöbə üzrə təcrübələrin müddəti 4, 14 və 20 həftə, qiyabi şöbə üzrə isə 1, 4 və 5 həftə olaraq müəyyən edilib.

Pedaqoji təcrübələr 20 həftə davam edir və tələbələrin müəllimlik bacarıqlarının formalaşdırılmasına yönəlib. Ümumilikdə 20 ixtisas üzrə 397 tələbə pedaqoji təcrübəyə cəlb olunub və 43 nəfər müəllim heyəti bu prosesə rəhbərlik edir.

Fakültə dekanları çıxışlarında qeyd ediblər ki, tələbələr təcrübə müddətində MİQ imtahanlarına hazırlaşır, məktəb və müəssisələrdə tapşırıqları yerinə yetirir, həmçinin müxtəlif tədbirlərdə fəal iştirak edirlər.

Yekunda universitetin rektoru Elbrus İsayev təcrübələrin ümumilikdə qənaətbəxş olduğunu vurğulayıb və ciddi nöqsanların müşahidə olunmadığını qeyd edib.

Rektor təcrübələrin keyfiyyətinin artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, təcrübə bazalarının genişləndirilməsi və tələbələrin fəaliyyətinin daha sistemli qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda keyfiyyətyönümlü tədris prosesinin inkişafı və praktiki hazırlığın gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.