Naxçıvan Dövlət Universitetində 2025-ci ilin yekunlarına dair elmi hesabat tədbiri keçirilib.
Tədbirdə NDU-nun rektoru Elbrus İsayev 2025-ci ilin elmi nəticələri və 2026-cı il üzrə qarşıya qoyulan hədəflərdən bəhs edib. Rektor bildirib ki, 2025-ci ildə Naxçıvan Dövlət Universitetində elm, tədqiqat və innovasiya sahəsində mühüm nailiyyətlər əldə edilib. Tələbələrin elmi fəaliyyət göstəriciləri artıb, beynəlxalq indeksli nüfuzlu jurnallarda nəşrlərin sayı əvvəlki illərlə müqayisədə xeyli yüksəlib, tələbə startap komandaları yerli və beynəlxalq müsabiqələrdə uğur qazanıb. Eyni zamanda universitetdə aparıcı beynəlxalq elmi elektron bazalara çıxış təmin edilib və bu, elmi infrastrukturun güclənməsinə xidmət edir.
Elm və innovasiyalar üzrə prorektor Elsevər Əsədov 2025-ci ilin yekunlarına dair məruzə ilə çıxış edərək il ərzində fakültələr tərəfindən icra edilmiş elmi-tədqiqat işləri, əldə olunan nəticələr, tətbiqi əhəmiyyətə malik yeniliklər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirib ki, 2025-ci il universitetin elmi fəaliyyət tarixində mühüm mərhələ olub. İl ərzində universitet üzrə 3000-dən artıq nəşr olub ki, bunlardan 150-si monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və metodiki vəsaitdir.
Prorektor vurğulayıb ki, il ərzində 2000-dən çox elmi məqalə nəşr edilib, onlardan 1300-ü xarici elmi nəşrlərdə, 300-dən çoxu isə Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu beynəlxalq jurnallarda dərc olunub. Eyni zamanda 600-dən çox tezisin nəşr olunduğunu, onlardan 370-nin xaricdə çap edildiyini diqqətə çatdırıb.
Çıxışda qeyd olunub ki, bir akademik heyət üzvünə düşən orta nəşr sayı 5-dən çox olub və bütün bu göstəricilər əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. Xüsusilə, 2025-ci ildə Scopus və Web of Science bazalarında dərc olunan nüfuzlu nəşrlərin sayı universitetin əvvəlki bütün dövrlər üzrə ümumi göstəricisinə bərabər olub. 2025-ci ildəki nəşrlərin 33-ü Q1, 51-i Q2, 70-i Q3, 26-si Q4 jurnallarda , 5-i konfrans materialı və 2-si kitab bölməsində yer tutur. Bu fakt Naxçıvan Dövlət Universitetində elmi potensialın və tədqiqat keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir.
Sonda qeyd olunub ki, həyata keçirilən tədbirlər universitetdə elmi və akademik fəaliyyətin stimullaşdırılmasına, tədqiqat mühitinin gücləndirilməsinə və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Elmi nəticələrin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilən tövsiyələr, tətbiq olunan motivasiya mexanizmləri və əməkhaqqı artımları Naxçıvan Dövlət Universitetində dayanıqlı inkişafın və institusional güclənmənin təmin olunmasına yönəlib.
2025-ci ildə doktoranturaya qəbulun hesabatı, dissertasiya mövzularının müzakirəsi və təsdiqi, doktoranturada aparılan işlər, doktorantların attestasiyası, eləcə də magistr dissertasiyalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub. Bu barədə universitetin Magistratura və doktorantura mərkəzinin dekanı Çapay Quliyev məlumat verib.
Tədbirdə Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə tələbələrin elmi fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 2025-ci il ərzində 4132 tələbəni əhatə edən 66 elmi layihə icra olunub. İl ərzində tələbələr tərəfindən 159 elmi, 47 publisistik məqalə nəşr edilib.
Qeyd olunub ki, dərc edilən elmi nəşrlərin təxminən üçdə biri yüksək impakt faktorlu jurnallarda çap olunub. Həmçinin bu göstəricilərə tələbələr tərəfindən hazırlanmış Scopus və Web of Science indeksli 3 elmi məqalə də daxildir.
Bununla yanaşı, 2025–2026-cı tədris ilində 647 müəllimin elmi rəhbərliyi ilə 1775 tələbə tərəfindən 1771 mövzu üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Vurğulanıb ki, əldə olunan bütün bu göstəricilər son 9 ilin ən yüksək nəticələri olmaqla, universitetdə tələbələrin elmi fəaliyyətinin inkişaf səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Nəticələrə əsasən, universitetin bir qrup akademik heyət üzvü və tələbələri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Belə ki, Memarlıq və mühəndislik fakültəsi 2025-ci il üzrə “İlin fakültəsi” adına layiq görülüb. Eyni zamanda “İlin tədqiqatçısı”, “İlin ən yaxşı tədqiqat qrupu rəhbəri”, “İlin ən fəal doktorantı”, “İlin ən fəal magistrantı” və “İlin tədqiqatçı tələbəsi” nominasiyaları üzrə fərqlənən şəxslər sertifikat və təşəkkürnamələrlə təltif olunublar.
Badəm Əliyeva
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı



