NDU-da 2026-2030-cu illər üzrə idman sahəsinə dair müşavirə keçirilib

05.02.2026

NDU-da 2026-2030-cu illər üzrə idman sahəsinə dair müşavirə keçirilib

Naxçıvan Dövlət Universitetində 2026-2030-cu illər üzrə idman sahəsində görüləcək işlərin planlaşdırılması, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə müşavirə keçirilib.

Universitetin rektoru Elbrus İsayev müşavirədə son beş ildə, xüsusilə, 2025-ci il ərzində idman sahəsində qazanılmış uğurlardan bəhs edib. Bu istiqamətdə həm yerli, həm də beynəlxalq yeni yol xəritəsinin hazırlanması ilə bağlı tapşırıqlar verib. Rektor bildirib ki, NDU-da idman sahəsinin sistemli inkişafı və rəqabətliliyi baxımından yeni İdman Strategiyasının hazırlanmasına ehtiyac var.

Sadalanan bu məsələlərin həyata keçirilməsi məqsədilə NDU-nun idman sahəsinə dair  2026-2030-cu illər, eyni zamanda bir illik strateji planı hazırlanıb. Elbrus İsayev qeyd edib ki, bu strateji plan NDU-da idmanın kütləviləşdirilməsi və peşəkar fəaliyyətin yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir. Rektor NDU-da İdman Strategiyasının daha keyfiyyətli icrsı məqsədilə idman ləvazimatlarının alınmasına və yenilənməsinə başlandığını qeyd edib, görüləcək işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

 Daha sonra rektor aidiyyəti şəxslərin hesabat və təkliflərini dinləyib. Müşavirədə peşəkar idmançıların yetişdirilməsi mexanizmləri və yolları müzakirə edilib.

Tədbir çərçivəsində Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev universitetin idman uğurları ilə bağlı, İdman Klubunun rəhbəri, professor Məmmədəli Rəhimov isə klubun 2025-ci il üzrə fəaliyyətinə dair hesabatla çıxış ediblər. Klubun tərkibində 16 dərnəyin fəaliyyət göstərdiyi vurğulanıb və il ərzində görülən işlərdən,  fərdi və komanda şəklində qazanılan uğurlardan bəhs edilib. Fakültənin müəllimləri üzv olduqları dərnəklərin əldə etdiyi nailiyyətlərlə bağlı  hesabatla çıxış ediblər.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova xarici tələbələrin də idman sahəsinə maraq göstərdiyini və onların universitetin idman strategiyası çərçivəsində uğurlu nəticələr əldə edə biləcəklərini bildirib.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov universitetin illik və beşillik strategiyasının ümumi müddəaları və əsas vəzifələri barədə məlumat verib. O,  strateji planın icrasına nəzarət mexanizmlərinin əhəmiyyətini vurğulayıb. Tələbə İdman Şurasının fəaliyyətə başlamasını universitetin idman həyatında mühüm mərhələ kimi dəyərləndirən prorektor fakültələr üzrə üzvlərin seçiləcəyini də bildirib. Qeyd edib ki, universitetin İdman Strategiyası yalnız yarış və nəticəyönümlü fəaliyyət üçün deyil, eyni zamanda tələbələrin sosiallaşmasına, liderlik və komanda bacarıqlarının formalaşmasına xidmət edir.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, səsləndirilən təkliflər fakültənin gələcək fəaliyyət planlarında nəzərə alınması üçün qeydiyyata alınıb.

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı