NDU-da “Akademik Zərifə Əliyeva -103” mövzusunda dəyirmi masa keçirilib

29.04.2026

NDU-da “Akademik Zərifə Əliyeva -103”  mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Fakültənin dekan müavini Şəfiqə Süleymanova Zərifə Əliyevanın Azərbaycan tarixində ilk qadın akademik-oftalmoloq kimi elm salnaməsinə adını qızıl hərflərlə yazdırdığını, yalnız alim kimi deyil, həm də pedaqoq və ictimai xadim kimi yüksək nüfuz qazandığını, milli səhiyyə sisteminin inkişafına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verdiyini bildirib.

“Klinik fənlər və hərbi tibb” kafedrasının müəllimləri tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli və tibb elmləri doktoru, professor İsa Abdullayev Zərifə Əliyevanın elmi nailiyyətlərindən bəhs ediblər. Qeyd olunub ki, akademik Zərifə Əliyeva zəngin mənəvi dəyərlərə sahib əsl ziyalı kimi mənalı və şərəfli ömür yolu keçib. Elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə, oftalmologiyanın inkişafına mühüm töhfələr verən alimin təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat bazası kimi ixtisaslaşmış elmi tədqiqat laboratoriyası yaradılıb. Bildirilib ki, akademikin yorulmaz fəaliyyəti, zəngin elmi və pedaqoji irsi respublikada peşəkar həkim-oftalmoloqların yetişməsində əhəmiyyətli rol oynayıb

 “Zərifə Əliyeva adına” fəxri təqaüdə layiq görülmüş Bəhriyyə Mustafayeva tələbələr adından çıxış edərək bu təqaüdə layiq görülməyin böyük qürur və məsuliyyət olduğunu vurğulayıb.

Qeyd olunub ki, Zərifə Əliyevanın çoxşaxəli elmi və tibbi fəaliyyəti yalnız öz dövrü üçün deyil, bu gün də aktuallığını qoruyur. Bəhriyyə Mustafayeva çıxışında gələcəyin həkimi olmaq yolunda Zərifə Əliyevanın həyat və fəaliyyətini özünə örnək götürdüyünü, onun yüksək peşəkarlıq və insanpərvərlik prinsiplərini davam etdirməyə çalışacağını bildirib.

 

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi