Naxçıvan Dövlət Universitetində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə fakültələr üzrə tədbirlər keçirilib.
İncəsənət fakültəsində tədbir başlamazdan əvvəl “Nuhçıxan” nağara ansamblı, Muğam triosu və Simli Kvartetin ifaları təqdim olunub. Daha sonra müəllim və tələbələrin əl işlərindən ibarət 50-yə yaxın əl işi təqdim olunduğu sərgi nümayiş etdirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov pedaqoji kollektivə təbriklərini çatdıraraq, müəllimlərin ölkəmizin tərəqqisində, cəmiyyətimizin maariflənməsində, gənclərin bilikli, vətənpərvər formalaşmasında əvəzsiz rolundan bəhs edib. Prorektor Beynəlxalq Müəllimlər Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib, bildirilib ki, bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Ölkəmizdə isə bu tarixə 1993-cü ildən dövlət səviyyəsində xüsusi diqqət ayrılır. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan müəlliminin şərəfli adı ucata tutulub, fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb və qayğı ilə yanaşılıb. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin faəliyyəti dövründə də daim müəllim əməyinə, zəhmətinə, maarifçilik fəaliyyətinə böyük önəm verilib və bu gün də cəmiyyətin ən önəmli təbəqəsi olaraq xüsusi hörmət göstərilir.
Daha sonra İncəsənət fakültəsinin müəllim və tələbələrinin konsert proqramı təqdim olunub. “Müəllim ömrü”, “Qızların birincisi”, “Nə gəlməz oldun”, “Min yaşasın”, “Dəniz və Səma” və digər ifalar alqışlarla qarşılanıb.
Əlamətdar gün münasibəti ilə ali təhsil ocağının bütün fakültələrində tədbir keçirilib. Tarix-filologiya, Fizika-riyaziyyat, Beynəlxalq münasibətlər və hüquq, Xarici dillər, Tibb, İncəsənət, Təbiətşünaslıq və kənd təsərrüfatı, Pedaqoji, Memarlıq və İqtisadiyyat fakültələrində müəllimlər xususi günün mahiyyəti və qarşıya qoyduğu məsuliyyətlərdən söz açıb. Fakültə tədbirlərində çıxış edən natiqlər Azərbaycan xalqının milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi böyük hörmətlə, yüksək ehtiramla çəkildiyini qeyd ediblər. Keçirilən tədbirlər zəngin proqram tərkibi ilə rəngarəng və yaddaqalan olub.
Fəxriyyə Səyyadova
Media və ictimaiyyətlə əlaqələr şöbəsi