NDU-da dünyaca məşhur kolleksioner Məhəmməd Saleh Cəfər Əl-Bağdadi ilə “Azərbaycan xalçaçılıq irsi” mövzusunda görüş olub

Noyabrın 26-da Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzində Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən, əntiq əşyalar və şərq xalçaları üzrə mütəxəssis, Azərbaycan tarixi və mədəniyyətini araşdıran tədqiqatçı Məhəmməd Saleh Cəfər Əl-Bağdadi ilə “Azərbaycan xalçaçılıq irsi” mövzusunda görüş keçirilib.

Əvvəlcə Naxçıvan Dövlət Universitetinin Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli qonağı tədbir iştirakçılarına təqdim edərək onun peşəkar fəaliyyəti barədə məlumat verib.

Dünyaca məşhur kollesioner Məhəmməd Saleh Cəfər Əl-Bağdadi Azərbaycan tarix və mədəniyyətini də araşdıran tədqiqatçı kimi, hər zaman elmi və məntiqi əsası olan həqiqətlərin təbliğatçısı olduğunu bildirib. Qeyd edib ki, Qərb dünyasında Xəzər dənizi ilə Qara dəniz arasındakı ərazilərdə toxunan xalçaların əksəriyyətinin tarixdə kimlərə aid olması, məxsusluğu təhrif olunur, düzgün aşılanmır. Bir çox dəlillər sübut edir ki, Qafqaz xalqaları – yəni azərbaycanlılar hələ eramızdan əvvəlki bir neçə əsrdə xovlu, həm də xovsuz toxuculuq sənətinin baniləri olublar. Qədimdən bəri Azərbaycanda, o cümlədən tarixi diyar Naxçıvanda müxtəlif toxuculuq növlərinə məxsus bənzərsiz sənət nümunələri yaradılıb, xüsusi bacarıq nümayiş etdirilib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağında qonaq olan, ölkəmizi, eləcə də Türk dünyasını qəlbən sevən, dünyaca məşhur kolleksioner, bir çox sərgilərin müəllifi Bağdadinin Azərbaycan xalçaları, xüsusən də Naxçıvan xalçaları ilə bağlı fəaliyyətini yüksək dəyərləndirib. Rektor qeyd edib ki, Cəfər Əl-Bağdadinin Azərbaycanla bağlı apardığı tədqiqatlar, kolleksiyalarındakı nümunələrin təbliği, Qərbi Azərbaycan sözünü dünyanın bir çox tribunalarından səsləndirməsi və bu ifadə adı altında sərgilərin keçirilməsi bizi sevindirir, qürurlandırır. Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müəllim və tələbələri üçün bugünkü görüş xalqımızın yaşam tərzini özündə ehtiva edən, kodlaşdırılmış naxışlarla bəzədilmiş xalçalarımız haqqında yeni tədqiqat materiallarını öyrənmələri üçün dəyərli mənbə və yeni bir istiqamət oldu. 

Görüşdən sonra qonaq NDU-nun Pedaqoji fakültəsinin Texnologiya Mərkəzində olub. Mərkəzdə sərgilənən əntiq xalçalar və digər eksponatlar xüsusi diqqət çəkib, eləcə də tələbələrin ərsəyə gətirdiyi qədim el sənəti nümunələri də qonaqda xoş təəssürat yaradıb.

 

 

Aidə İbrahimova

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı