NDU-da Fizika-riyaziyyat fakültəsi müəllimlərinin yubileyi qeyd olunub

18.12.2025

NDU-da Fizika-riyaziyyat fakültəsi müəllimlərinin yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində Fizika-riyaziyyat fakültəsinin müəllimlərinin yubiley tədbiri keçirilib. Tədbirdə fakültənin “Ümumi riyaziyyat” kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Abdulla Həsənovun 70, həmin kafedranın dosenti Cavanşir Quliyevin 65 illik yubileyləri qeyd olunub.

Universitetin rektoru Elbrus İsayev çıxış edərək ali təhsil müəssisəsində müəllim yubileylərinin keçirilməsinin artıq ənənə halını aldığını və bu ənənənin davam etdiriləcəyini bildirib. Ziyalı müəllimlərin muxtar respublikanın elmi-mədəni simasını formalaşdırdığını xüsusi qeyd edib. Rektor uzun illər NDU-da fəaliyyət göstərən ziyalıların muxtar respublikada riyaziyyatçı kadrların hazırlanmasında mühüm rol oynadıqlarını vurğulayıb. Elbrus İsayev qeyd edib ki, universitetdə xüsusi çəkisi olan Fizika-riyaziyyat fakültəsi daim uğurları ilə seçilib, bu sahə üzrə savadlı mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verib. Bildirib ki, yubilyar müəllimlər universitetin elmi-pedaqoji və metodik fəaliyyətinin sistemli inkişafında sanballı xidmətlər göstəriblər.

Rektor yubilyarlara səmimi təbriklərini çatdıraraq onlara Naxçıvan Dövlət Universitetinin fəxri fərmanlarını təqdim edib.

Tədbirdə Fizika-riyaziyyat fakültəsinin dekanı Vüqar Salmanov yubilyarların elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, uzun illər NDU-da çalışan bu müəllimlər dərs vəsaitlərinin, elmi məqalə və tezislərin, eləcə də fənn proqramlarının müəllifləridir.

Sonra “Ümumi və nəzəri fizika” kafedrasının müdiri Billurə Hacıyeva, “Ümumi riyaziyyat” kafedrasının dosentləri, Elmi katib Orxan Cəfərov, Sahib Əliyev və Elşad Ağayev yubilyarları təbrik edib, onlar haqqında xoş xatirələrini bölüşüblər.

Fəxriyyə Səyyadova

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı