Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin “Fortepiano” kafedrasının hesabat konserti keçirilib.
Tədbiri giriş sözü ilə açan “Fortepiano” kafedrasının müdiri, Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət İşçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar İncəsənət Xadimi”, professor Səidə Məmmədova kafedranın tələbələrinin əzmkarlığından və bacarığından danışıb. Bildirib ki, qısa zaman ərzində bu qədər musiqi nömrəsinin hazırlanması tələbələrin zəhmətinin və istedadının göstəricisidir.
Bədii hissədə həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri səsləndirilib. Belə ki, Fikrət Əmirovun “Gülərəm gülsən”, Səidə Məmmədovanın “Naxçıvanam”, Friderik Şopenin “Vals”, eləcə də, Adil Bəbirovun “Skertso”, Tofiq Quliyevin “Bakı”, Şəfiqə Axundovanın “Həsrətindən” və digər musiqi nömrələri ifa olunub.
Sonda universitetin rektoru Elbrus İsayev çıxış edərək tələbələrə növbəti yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetində ilk açılan ixtisaslardan biri “Fortepiano” ixtisasıdır və bu sahə universitet üçün xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, dünya şöhrətli bəstəkarların bir çoxu məhz fortepiano üçün zəngin musiqi irsi yaradıblar. Elbrus İsayev konsert proqramının təşkilində əməyi keçənləri təbrik edib və bu cür tədbirlərin tələbələrin yaradıcılıq potensialının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb və iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi
1.jpg)
.jpg)


