Naxçıvan Dövlət Universitetində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşəbbüsü və universitetin təşkilati dəstəyi ilə “Tələbə xanımlar üçün sahibkarlıq və karyera imkanları” mövzusunda görüş təşkil olunub.
Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində təhsil alan xanım tələbələrin sahibkarlıq və əmək bazarı imkanları barədə məlumatlandırılması, qadın sahibkarların praktiki təcrübələrinin paylaşılması, gənc xanımların təşəbbüskarlıq bacarıqlarının və karyera planlaşdırma potensialının inkişafına dəstək göstərmək olub.
Tədbir NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadənin və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimovanın açılış və salamlama nitqləri ilə başlayıb. Çıxışlarda qadınların iqtisadi fəallığının artırılması, gənclərin sahibkarlıq ekosisteminə inteqrasiyası və universitet–biznes əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Daha sonra assosiasiyanın Protokol və beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Həsənli assosiasiyanın fəaliyyəti, məqsədləri və həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verib.
Tədbirdə həmçinin WILAT Azerbaijan İdarə Heyətinin sədri, AGTL-in Qadın sahibkarlarla iş üzrə komitə sədri Lamiyə Xəlilova çıxış edərək gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, liderlik bacarıqlarının formalaşdırılması və qadınların biznes mühitində rolunun gücləndirilməsi mövzusunda fikirlərini bölüşüb.
Tədbirin sonunda sual–cavab və açıq müzakirə sessiyası keçirilib, tələbələrin sualları spikerlər tərəfindən cavablandırılıb. Görüş xatirə fotosunun çəkilməsi və yekun təşəkkür nitqləri ilə başa çatıb.
Qeyd edək ki, bu təşəbbüs ali təhsil müəssisələri ilə qadın sahibkarlıq ekosistemi arasında əməkdaşlığın gücləndirilməsinə və gənc xanımların sosial-iqtisadi fəallığının artırılmasına mühüm töhfə kimi qiymətləndirilir.
Badəm Əliyeva
NDU, media və ictimaiyyətlə əlaqələr şöbəsi




